AZ EN RU

Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və gələcək planlar müzakirə olunub

Hesabat ili ərzində nazirlik tərəfindən 222-si gənclərlə iş, 144-ü idman sahəsində olmaqla, ümumilikdə 366 tədbir keçirilib. İdmançılarımız 2023-cü ilin ötən dövrü ərzində ölkəmiqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında 6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə 225 medal qazanıb. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. Onların arasında bir dünya çempionu və bir Avropa çempionu var, – bu fikirləri nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov nazirliyin kollegiya iclasındakı məruzəsi zamanı səsləndirib.

         Ötən il gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, asudə vaxtının səmərəli təşkili, onlar üçün yeni iş və karyera imkanlarının yaradılması üçün davamlı olaraq müxtəlif tədbirlər, layihələr icra olunub. Şəxsi inkişaf, karyera, təhsil, tarixi həqiqətlərin öyrənilməsi, ailə dəyərləri, milli-mənəvi dəyərlər, psixologiya, motivasiya yönündə, eləcə də məşqçi, hakim, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı yerli, eləcə də Bakıdan dəvət olunmuş tanınmış mütəxəssislərin iştirakı ilə 40-a yaxın təlim, seminar və kurs keçirilib. Gənclərin ölkəmizin müxtəlif regionlarda təşkil olunan festival və düşərgələrdə, eləcə də əməkdaşlarımızla birgə xaricdə mübadilə proqramlarında iştirakına dəstək göstərilib. Könüllülərlə iş sahəsində aktiv fəaliyyət göstərilib.

Məcid Seyidov bədən tərbiyəsi və idman sahəsində görülən işlər barədə də danışıb. Qeyd olunub ki, nazirliyin bu sahədə həyata keçirdiyi tədbirlərdən 54-ü müxtəlif idman növlərini əhatə edən muxtar respublika birincilikləridir. Bundan əlavə, idmançıların fiziki-mənəvi, peşəkar hazırlığının yüksəldilməsi, onların ölkə çempionatları və birinciliklərində iştirakına dəstəyin artırılması, əhalinin sağlam həyat tərzinə cəlbi və idman yarışlarında iştirakı, idmanda sahibkarlıq fəaliyyətinin təşviqi və dəstəklənməsi, ictimaiyyətin idmanla bağlı təşkilati-hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Faiq İsgəndərov illik fəaliyyət hesabatlarını diqqətə çatdırıblar. Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova gələcək perspektivdə həyata keçiriləcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2024 15:23