AZ EN RU

Gənclər və idman naziri ilə muxtar reapublika gənclərinin görüşü olub

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan Muxtar Respublikasında fəal gənclər, könüllülər və idmançılarla görüşü keçirilib. “Naxçıvan” Universitetinin iclas zalında keçirilən görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı nazir Fərid Qayıbov başda olmaqla nazirliyin əməkdaşları və digər qonaqları burada görməkdən məmnun olduğunu bildirib. Vurğulanıb ki, bu görüş mahiyyət etibarilə gənc nəslin yeni fəaliyyət istiqamətlərinin müəyynləşdirilməsi, müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq baxımından önəmlidir.         

                 

Görüş zamanı çıxış edən gənclər nazirə təmsil etdikləri təşkilatların fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planları barədə məlumatlar veriblər. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti kimi məsələlər ətrafında müzakirələr aparılıb. Gənclər maraqlı və səmimi görüş üçün ölkənin gənclər və idman nazirinə minnətdarlıqlarını bildiriblər.  Nazir Fərid Qayıbov belə görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib. Görüşdə Azərbaycan Respublikasının gənclər və idman nazinin müavinləri və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icracı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cəbi Quliyev də iştirak edib. Sonda xatirə şəkili çəkdirilib.

 

Ceyhun Məmmədov

Nəşr edilib : 05.02.2022 17:15