AZ EN RU

Gənclər Təşkilatının üzvlərinin Ordubad rayonuna ekskursiyası təşkil olunub

18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Nazirliyin Gənclər Təşkilatının 30 nəfər üzvünün iştirakı ilə Ordubad rayonuna ekskursiya təşkil olunub. Ordubadın tarixi abidələrinin tanıdılması  məqsədi ilə reallaşan ekskursiyada gənclər əvvəlcə Ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”  müdrik fikri yazılmış plakat açıblar.

Ekskursiya başlamadan öncə Nazirliyik aparatının “İncəsənət və təhsil müəssisələri  ilə iş şöbəsinin aparıcı məsləhətçisi Elvin Əhmədov əlamətdar günün tarixi barədə məlumat verib. Qeyd olunub ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Elvin Əhmədov  muxtar respublikanın, eləcə də Ordubad rayonun tarixi  abidələrlə zəngin olduğunu vurğulayıb, hər il  ənənəvi olaraq muxtar respublikanın tarixi yerlərində müxtəlif tədbirlərin keçirildiyindən bəhs edib.

Sonra Gənclər Ordubad rayonu ərazisində yerləşən Ordubad Rayon Tarix-   Diyarşünaslıq Muzeyində, akademik Yusif Məmmədəliyevin Ev-Muzeyində, Məmməd Səid Ordubadinin Ev Muzeyində, Məhəmməd Tağı Sidqinin Ev Muzeyində, Sərşəhər məscidində, Buzxanada, tarixi çeşmələrdə olublar. Gənclərə ekskursiya etdikləri muzeylər və abidələr barəsində ətraflı məlumat verilib.

Sonda gənclər arasında “Tarix və mədəniyyət adlı viktorina keçirilib.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2023 15:42