AZ EN RU

Gənclər Şərur rayonunda şəhid ailələrini ziyarət edib

Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə növbəti dəfə gənclərlə şəhid ailələrinin görüşləri təşkil olunub.

         Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunun Püsyan və Ələkli kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub.

         Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – Zamanlı Məmməd Rəhman oğlu, Qurbanov Rauf Vahid oğlu və Salahov Sərxan Həsənqulu oğlunun ailə üzvləri ilə görüşərək qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.

         Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

         İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.

Qeyd edək ki, bu kimi görüşlər bundan sonra da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.05.2023 17:35