AZ EN RU

Gənclər şəhid ailələrini ziyarət ediblər

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Kəngərli rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – Basit Rüstəmov, Elmar Möhsümov, Ülvi Cəfərov, Niyaməddin İsgəndərov, Təbriz Əsgərov, Kəmalədin Məmmədov və Aslan Mirzəyevin ailə üzvləri ilə görüşərək qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar. 
    Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. 
    İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.  
    Qeyd edək ki, bu kimi görüşlər bundan sonra da davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.03.2023 20:36