AZ EN RU

Gənclər Qurtuluş Gününü əsgərlərimizlə birgə bayram ediblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordu tərəfindən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri təşkil olunub. Məqsəd gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək, onların simasında hərbçilərə bayram sevinci bəxş etmək, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan əlamətdar günü birlik və bərabərlik içində qeyd etmək olub.

Hərbi hissələrdən birində reallaşan tədbirdə öncə Ümummilli Lider Heydər Əliyev, həmçinin, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər dünya şöhrətli siyasətçi, xalqımızın xilaskarı, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin öndərliyində xalqımızın mətanətlə keçdiyi qurtuluş tarixinə nəzər salıb, dahi şəxsiyyətin ölkə müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafındakı müstəsna xidmətlərindən bəhs ediblər. Əlavə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyində öz qüdrətini durmadan artıran Azərbaycanın bu günü, gələcəyi ilə yanaşı, qət etdiyi keşməkeşli və qürurlu tarixi yol gənclərin hər zaman diqqət mərkəzindədir. Vətəninə, dövlətinə, xalqına sadiqlik nümayiş etdirmək, milli dəyərləri, ənənələri qorumaq, cəmiyyətimizə və ölkəmizin ümumi inkişafına töhfə vermək hər bir Azərbaycan gəncinin ortaq amalına çevrilib.

Çıxışların ardınca əlamətdar günlə bağlı hazırlanmış qısametrajlı film nümayiş olunub. Gənclər və İdman Nazirliyinin yaradıcı gənclərdən təşkil olunmuş könüllü qrupunun konsert proqramı izlənilib. Hərbi hissələrin özfəaliyyət kollektivləri “yallı” rəqsi ilə tədbirə əlavə bayram ab-havası qatıb. Könüllülərin “Zəfərə gedən yol” adlandırdıqları rəqs kompozisiya izləyənlər tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2024 15:45