AZ EN RU

Gənclər hərtərəfli qayğı ilə əhatə olunublar

    Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikirlərini öyrənmək, gənclər və dövlət qurumları arasında açıq ünsiyyət qurmaq üçün ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gəncliklə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu öndərin həmin gün imzaladığı Sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan edildi. Bundan sonra hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.

    Bu gün arxaya baxdıqda görürük ki, ilk forumdan sonra müstəqil Azərabycanda gənclərə olan münasibət kökündən dəyişib. Ötən illər ərzində gənclərin sosial problemlərinin həlli istiqamətində saysız işlər görülüb. Gənclərlə iş sahəsini genişləndirmək üçün imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş qərarlar, Dövlət proqramları və digər tədbirlər gənclərin fəaliyyətinə stimul verdi.

    Dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə çatdırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Bu gün ölkəmizdə müxtəlif sahələrdə - istər dövlət, istərsə də ictimai sektorda minlərlə gənc öz vəzifəsini layiqincə yerinə yetirir.

    Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə gənclərin mükəmməl təhsil alması, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsi, elmi-texniki yeniliklərə yiyələnməsi, idmanın bir çox növü ilə məşğul olmaları, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və digər istiqamətlərdə aparılan tədbirlər muxtar respublikada dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun yaradılması haqqında müvafiq Fərman, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi, “Oxunması zəruri olan kitablar haqqında” imzalanan müvafiq Sərəncam, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” gənclərə diqqət və qayğının məntiqi davamıdır.

    Bu gün muxtar respublikanın bütün gəncləri hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Yaradılan imkanlardan istifadə edən naxçıvanlı gənclər də Azərbaycan və dünyamiqyaslı yarışlarda, müsabiqələrdə, çempionatlarda iştirak edərək Naxçıvanımızın adını yüksək tuturlar. Son illər muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq tədbirləri çərçivəsində rayonlardakı, kəndlərdəki ümumtəhsil məktəbləri də müasir şəraitlə təmin olunub, idman zalları, açıq idman qurğuları, mini futbol meydançası, uşaq-gənclər şahmat və idman məktəbləri yeniyetmə və gənclərin istifadəsinə verilib. 2020-ci ildə  6 binadan ibarət, 132 mənzilli növbəti “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də onların sosial problemlərinin həllinə göstərilən davamlı dövlət qayğısının bariz ifadəsidir.

    Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı muxtar respublikada sistemli və ardıcıl xarakter alıb. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların avtomobillərlə təmin olunması diqqət mərkəzində saxlanılır.

    Gənclər sahəsində görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün muxtar respublikamızda vətənpərvər, Azərbaycançılıq ideallarına sadiq, milli və mənəvi dəyərlərə bağlı gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın əmin əllərdə olacağına bir daha böyük ümid yaradır.

Arzu QASIMOV

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri,

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri

Nəşr edilib : 01.02.2022 16:54