AZ EN RU

Gənclər Günü qeyd olunub

    2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Duzdağ” hoteldə tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı açıb. Bildirib ki, ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, bu sahədə görülən işlərin, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, gənc nəslin nümayəndələri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bugünkü gənclik daha dinamik, müasir, bilikli və dünyagörüşlüdür. İstər fiziki, istərsə də intellekt və ideologiya cəhətdən sağlam gənclik modeli formalaşdırılıb. Qürurla deyə bilərik ki, müasir gənclərimiz ümummilli lider Heydər Əliyevdən bizə miras qalan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək fəaliyyətini məhz ali prinsiplər üzərində qurur. Bir daha şahidi olduq ki, gənclərimiz Vətən uğrunda, hətta həyatını belə, fəda etməyə qadirdir. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan gənci istər döyüş meydanında, istərsə də arxa cəbhədə böyük mübarizə əzminə malikdir. Bütün bunlar xalqımızın milli dəyərlərə bağlılığı və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin bəhrəsidir. 

    Nazir qeyd edib ki, Gənclər Günü muxtar respublikamızda ənənəvi olaraq geniş şəkildə qeyd edilir, bu münasibətlə müxtəlif tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır. Məqsədimiz onları daha da həvəsləndirmək və onlara stimul verməkdir. Əminik ki, gənclərimiz bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə fərqlənəcək, ölkəmizin inkişafına öz töhfəsini verəcəklər.

    Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev diqqətə çatdırıb ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatçısı gənclərdir. Tarixdən də şahidi olmuşuq ki, istər torpaqlarımızın müdafiəsində və müstəqillik uğrunda mübarizədə, istərsə də ölkəmizin beynəlxalq arenada idman, təhsil, musiqi sahələrində tanınmasında gənclərimizin rolu əvəzsiz və danılmazdır. Bu gün Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deməyi bacarır. Bu mənada, qeyd etmək yerinə düşər ki, ölkəmizdə gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir. Bu sahədə də muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə böyük addımlar atılır və gənclərimizin hər bir sahədə fəallığının təmin olunması üçün geniş imkanlar yaradılır. Cəbi Quliyev çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlar üçün yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, fəal gənc Abutalıb Ağa Kəngərli çıxış edərək muxtar respublika gənclərini Gənclər Günü münasibətilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar, müvəffəqiyyətlər arzu edib. 
    Daha sonra mükafatlandırma mərasimi keçirilib. Dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində, könüllülük fəaliyyətində, nümunəvi hərbi qulluqda, mətbuatda, təhsildə, səhiyyədə, incəsənətdə, bank sektorunda, ümumilikdə, ictimai işlərdə xüsusi fəallıq göstərən 57 gənc müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.       
    Tədbir Naxçıvan Dövlət Filarmoniyasının  Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə başa çatıb. 

***

    Naxçıvan Dövlət Universitetində Gənclər Günü münasibətilə keçirilən tədbirdə 2021-2022-ci tədris ilinin I yarısında qazanılan nailiyyətlərə görə tələbələr mükafatlandırılıb. 

    Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev muxtar respublikada  dövlət gənclər siyasətinin uğurlu icrasından danışıb. Rektor universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirərək qeyd edib ki, tələbə təşkilatlarının səyi nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli  yarışlarda universiteti layiqincə təmsil edirlər. Bildirilib ki, ali təhsil ocağının tələbələri respublika və beynəlxalq əhəmiyyətli startap müsabiqələrin də fəal iştirakçısına çevrilərək öz bacarıqlarını sərgiləyirlər. 
    Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov çıxışında qeyd edib ki, ötən il ərzində universitet gənclər təşkilatı tərəfindən 16 yeni layihə, 23 tədbir, 28 intellektual yarış keçirilməklə, 2314 tələbənin iştirakı təmin edilib. 2021-ci ildə universitet tələbələrinin müəllifi olduğu 2 yeni mobil tətbiqin təqdimatı keçirilib.  Eyni zamanda 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı ölkə üzrə ən fəal gənclər təşkilatı seçilib. Həmçinin ali təhsil ocağının tələbələri universitetdən kənar yarışlarda da uğurlar qazanıblar.
    Sonra təhsildə və sosial-ictimai işlərdə fərqlənən 100-ə yaxın tələbə mükafatlandırılıb. Qeyd edək ki, “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsinin qalibi Tibb fakültəsi, “Ekoloji şam ağacı” müsabiqəsinin qalibi isə universitetin Elmi kitabxanası olub. Nailiyyət əldə edənlərə diplom və hədiyyə təqdim edilib. 

***

    “Naxçıvan” Universitetində “Gənclər gələcəyimizdir” adlı konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva 2 fevral – Azərbaycan Gənclər Gününün yaranma tarixindən danışaraq qeyd edib ki, bu gün Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. 

    Universitetin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə, Elmi Kitabxanasının əməkdaşı Çilənay Yusifova məruzələrində sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsinin əhəmiyyətindən söz açaraq vurğulayıblar ki, ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, ilk növbədə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
    Konfrans slayd nümayişi və universitetin fəal gənclərinə sertifikatların təqdim edilməsi ilə başa çatıb.

***

    Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral – Gənclər Gününə həsr edilmiş “Müasir dövrdə dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib. 

    Konfransı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin bugünkü inkişafının əsasını təşkil edir. Vurğulanıb ki, gənclik gələcəyin əsası, böyük güc və sağlam düşüncə deməkdir. Bu gün Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan gənclər də gələcəyin müəllimləri kimi böyük məsuliyyət daşıyır. Müasir dövrdə hər bir gənc onlar üçün yaradılmış şəraitin dəyərini bilməli, Vətəni, xalqı üçün faydalı şəxsiyyət olmağa çalışmalıdır. 
     Konfransda Hümanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə, Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Zəhmət Hüseynov, Tələbə-Gənclər Təşkilatının sədri Ayxan Hüseyinli, Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyeva və Tələbə Həmkarlar İttifaqının sədri Rüfət Hacıyevin çıxışları dinlənilib, təhsil ocağının  2021-ci ildə müxtəlif sahələrdə fəallıq göstərən tələbə gəncləri mükafatlandırılıb. 
    Tələbələrin hazırladıqları bədii hissəyə və 2021-ci ilin uğurlarını əks etdirən sərgiyə baxış olub.

 ***

    2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud gənclər üçün “Saat Meydanı” turistik istirahət mərkəzində film nümayişi və çay süfrəsi ətrafında görüş təşkil olunub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə 40 nəfərədək müvafiq kateqoriyadan olan gənc əvvəlcə motivasiya xarakterli filmə tamaşa edib, sonra çay süfrəsi ətrafında təəssüratlarını bölüşüb. 

Xəbərlər şöbəsi

​​​​​​​

Nəşr edilib : 02.02.2022 20:33