AZ EN RU

Gənclər günü münasibətilə tədbirlər keçirilib

    Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə konsert proqramı təqdim olunub. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir-birindən rəng­arəng musiqi ifaları səsləndirilib. Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Ruhiyyə Hüseynovanın yaddaqalan ifaları, Rüstəm İbrahimovun səsləndirdiyi “Xarıbülbül” xalq mahnısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Abbasova və Haqverdi Əliyevin təqdim etdikləri “Vals”, Hakim Məmmədlinin drijorluq etdiyi simfonik orkestrın ifası ilə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən türk qızlarının rəqsi, müğənnilərdən Bəhruz Quliyevin oxuduğu Bəhram Nəsibovun “Gəl inad etmə”, İlkin Abdullayevin ifasında Firudin Allahverdiyevin “Nərdivan”, Nərmin Hüseynovanın səsləndirdiyi Tofiq Bakıxanovun “Gözəllik məskəni” mahnıları, Mahnı və rəqs ansamblının “Şənlik” süitası, “Qaytağı” rəqsi, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında İohann Ştrausun “Rodetski marşı” izləyicilər tərəfindən maraqla qarşılanıb.     

    Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, dosent Sahib Paşazadənin Yaşar Xəlilovun “Sözsüz” mahnısının və Həsən Rzayevin “Çahargah” rapsodiyasını tarda ifası, beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimovanın fortepianoda müşayiəti yaddaqalan ifalar sırasında olub. Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə ifasından əvvəl 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib, Naxçıvana gəlişindən məmnunluq duyduğunu bildirib. 
    Qeyd edək ki, konsertdə izləyici qismində Bakı şəhərindən Naxçıvana qonaq gələn Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanov da iştirak edib. Konsert proqramında bəstəkarın da əsərlərinə müraciət olunub. 

Gülcamal TAHİROVA

***

    Dünən 2 fevral – Gənclər Günü ilə bağlı ümumtəhsil məktəblərində səmərəli fəaliyyəti ilə fərqlənən gənc müəllimlərlə görüş keçirilib. 
    Tədbirdə təhsil naziri Rəhman Məmmədov gənc müəllimləri Gənclər Günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir çıxışında əsası ümummilli liderimiz tərəfindən qoyulan gənclər siyasətinin ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilməsindən danışıb.    Diqqətə çatdırılıb ki, muxtar respublikada gənclərin işlə təminatına göstərilən qayğı səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinə stimul vermişdir. Hazırda muxtar respublikanın təhsil müəssisələrində yaşı 29-dək 2 direktor, 4 direktor müavini, 5 təşkilatçı, 22 hərbi rəhbər, 53 uşaq birliyi təşkilatının rəhbəri, 43 psixoloq, 51 laborant, 54 kitabxana müdiri, 963 müəllim, şəhər və rayon Təhsil şöbələrində isə 21 dövlət qulluqçusu, 9 metodist olmaqla, ümumilikdə,  1227   gənc kadr fəaliyyət göstərir. 

    Nazir gənc şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb, çıxışının sonunda müəllimlərə muxtar respublikamızın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
    Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova, Babək  rayon Araz kənd ümumi orta məktəbinin tarix  müəllimi Nazlı Nəcəfova, Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi, FIDE ustası Nəsrin Babayeva çıxış edərək muxtar respublikada təhsilin inkişafında gənclərin rolundan danışıb, onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
    Sonra Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov gənc dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında əmrlə tədbir iştirakçılarını tanış edib.
    Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən gənc dövlət qulluqçuları, məktəb rəhbərləri və gənc müəllimlər diplomla mükafatlandırılıb, bədii hissədə isə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri şeir, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2022 22:51