AZ EN RU

Gənclər Birliyinin sədri Arzu Qasımov : Gənclər Fondunun Naxçıvan filialının yaradılması gənclər üçün böyük imkandır, gəncləri yüksək perspektivlər gözləyir

Azərbaycanın dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ölkə başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar Dövlət proqramları qəbul olunub ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov söyləyib.

O deyib :- Gənclərlə iş sahəsində atılan daha bir addım Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılmasıdır. Bu Naxçıvanda yaşayan gənclər üçün böyük bir imkandır, gəncləri yüksək perspektivlər gözləyir. Əminəm ki, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılması muxtar respublikada gənclər sektorunun inkişafına yeni təkan verəcək.  Filial gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.

Gənclər siyasətindəki yeni çağırış və hədəflər də nəzərə alınaraq qeyd etmək olar ki, bundan sonra dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin daha fəal iştirakı təmin olunacaq, beynəlxalq tədbirlərdə iştirakına yol açılacaq, gəncləri əhatə edən qeyri-hökumət təşkilatlarının sayı artacaq, onlar ölkədə gedən bütün proseslərin mərkəzində olmaqla böyük inkişaf yoluna qədəm qoyacaqlar. Gənclər Fondunun filialı ilk dəfə Naxçıvanda yaradılıb və inanıram ki, filial inkişaf edəcək, böyük perspektiv mənbəyinə çevriləcək və gələcəkdə yarana biləcək filiallar üçün baza, nümunə rolunu yerinə yetirəcəkdir-deyə Gənclər Birliyinin sədri əlavə edib.

Arzu Qasımov Prezident cənab İlham Əliyevin “Mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Azərbaycan dövləti də hazırda həyata keçirilən məqsədyönlü tədbirlər vasitəsilə bu gələcəyin təməllərinin möhkəm olmasını təmin edir”- fikirlərini xatırladaraq Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının yaradılması münasibəti ilə bütün Naxçıvan gənclərini, gənclər sektoru nümayəndələrini təbrik edib, uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 21 fevral 2024-cü il tarixli Sərəncam imzalayıb. Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə isə fondun Naxçıvan filialı yaradılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.02.2024 12:43