AZ EN RU

Gənc rəssamların hesabat sərgisi və onlara üzvlük vəsiqələrinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin nəzdində yaradılan Gənc rəssamlar bölməsi üzvlərinin hesabat sərgisi və onlara üzvlük vəsiqələrinin təqdimat mərasimi olub. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc rəssamlar bölməsinin muxtar respublikada rəssamlıqla məşğul olan gənclərin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 
    Vurğulanıb ki, muxtar respublikamızda digər sənət sahələri kimi rəssamlığın da inkişafına və istedadlı gənclərin rəssam kimi yetişmələrinə böyük qayğı göstərilir, gənc rəssamların fəaliyyəti diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq onların fərdi hesabat sərgiləri təşkil olunur. Sərgilərdə gənclərin maraqlı və cəlbedici əl işləri nümayiş etdirilir. 

    Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev,  Azərbaycan Respublikasının Əməkdar  rəssamı Telman Abdinov və digərləri çıxış edərək rəsmləri sərgidə yer alan gənc rəssamlar barədə fikirlərini bölüşüb, onlara tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıblar.
    Gənclərə üzvlük vəsiqələri təqdim edildikdən sonra sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə 6 gənc rəssamın dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika növlərinə aid mənzərə, natürmort, portret janrlarında müxtəlif mövzularda 41 rəsm əsəri nümayiş etdirilib.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 11.02.2022 18:42