AZ EN RU

Gənc rəssamın yaradıcılıq sərgisi keçirilib

Aprelin 21-də Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisası üzrə II kurs tələbəsi Nuray Rəhimovanın əl işlərindən ibarət fərdi yaradıcılıq sərgisi keçirilib. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə portret, natirmot, peysaj, qrafika, avanqart və digər üslublarda işlənmiş, ümumilikdə, 70-ə yaxın rəsm əsəri nümayiş edilib. 
    Naxçıvan şəhər Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca dahi siyasi xadim Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sərgini giriş sözü ilə Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açıb, ölkəmizdə yetişməkdə olan gənclərin vətənpərvər ruhda formalaşmasından, bilik və bacarıqlarının qiymətləndirilməsindən danışıb. Diqqətə çatdırılıb ki, müasir Azərbaycanda kifayət qədər istedadlı gənc var. Onlar ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə, heykəltəraşlıqda və digər sahələrdə ölkəmizi layiqincə təmsil edirlər. Gənclərimizin yaratdığı əsərlərdə, dünyəviliklə yanaşı, milli mənlik şüurunun cücərtiləri, Azərbaycançılıq ideologiyası, vətənpərvərlik tərbiyəsinin formalaşması bütün çalarları və işartıları özünü göstərir. 
    Daha sonra Cəbi Quliyev tərəfindən gənc rəssama gül buketi və diplom təqdim edilib.
    Tədbirdə çıxış edən tarix elmləri namizədi, dosent Sevinc Abbasov, Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetinin tədris və tərbiyə üzrə prorektoru, dosent Rafiq Rəhimov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ali Məclisin deputatı Ülviyyə Həmzəyeva və digər çıxış edənlər gənc rəssamın yaradıcılığı barədə məlumat verib və ona uğurlar arzulayıblar. Daha sonra rəssamın əl işlərinin yer aldığı slayd nümayiş edilib. Sonda sərgiyə baxış olub. 

Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 21.04.2023 18:00