AZ EN RU

Gənc olmaq.... Nədir gənc olmaq?

Nədir gənc olmaq?

İlahinin sənə verdiyi ömrün ən gözəl çağında olmaq, qar altından görünən tər bənövşə, ətirli və əvəzsiz qızılgül qönçəsi, köklü bir ağacın baharda tumurcuqlayan budağı olmaqdır gənc olmaq...

Yaşamaqdır gənc olmaq. Həyatı doya-doya yaşamaq, gənclik coşğusunun sənə verdiyi enerji ilə  yazıb-yaratmaq, ömrə sarılmaqdır gənc olmaq...

Sevməkdir gənc olmaq. Gənc və təmiz qəlbin içində oyanan ilk eşq, nəfəs, ümid, sevgidir gənc olmaq... Sevginin ilk həyəcanı, qızartısıdır gənc olmaq...

Ümiddir gənc olmaq. Gələcəklə bağlı planlar, böyük arzular, xəyallar dünyasına açılan qapılar, sabaha uzanan yollardır gənc olmaq...

Gücdür gənc olmaq. İçindəki MƏNin gücünü hiss etmək, əyilməmək, mübariz olmaq, həyata və zamana savaş elan etməkdir gənc olmaq....

Gözəllikdir gənc olmaq. Qızlar bulağından su içmək, simasında ərənliyin, cəsarətin, kişilik və mərdliyin ilk baxışlarını hiss etməkdir gənc olmaq...

Dünyaya meydan oxumaqdır gənc olmaq. Bütün çətinliklər, ağrılar və acılar, maneələr qarşısında dik durmaq, əyilməmək, əzilməmək, irəli getməkdir gənc olmaq....

Əzməyək bu tər bənövşələri, qırmayaq budaqları, pozmayaq bu gözəlliyi, dağıtmayaq bu ümidləri, toxunmayaq onların ləkəsiz, mavi və saf dünyalarına!!!

Qoy dünyamız gözəlləşsin, qoy ümidlər çiçək açsın, qoy sabahlarımız daha parlaq, daha aydın, daha rəngarəng olsun, qoy gəncliyimiz və gələcəyimiz əyilməz, məğrur, iradəli və əzmli olsun!

Bayramınız və gününüz mübarək, əziz gənclər!!!  Tək bu gün yox, hər günümüz, sabahımız və gələcəyimiz gənclərin olsun!

                  Surə SEYİD

Nəşr edilib : 02.02.2024 14:42