AZ EN RU

Gənc nəslin inkişafı diqqət mərkəzindədir

    Ötən ay bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib.

    Dünya Badminton Federasiyasının “Shuttle Time” proqramı çərçivəsində Bakıdan gələn məşqçilər heyəti tərəfindən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ikigünlük təlim keçirilib, badmintonun inkişafı və təbliği məqsədilə təşkil olunan layihədə 80 məktəbliyə ləvazimatlar hədiyyə olunub. Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev “Futbolun inkişafı, klublara dayanıqlı maliyyə mənbələrinin yaradılması və dəstəyin artırılması” mövzusunda seminar keçib. Şahmat üzrə beynəlxalq norma turniri təşkil olunub, Futbol üzrə AFFA Region Liqasının muxtar respublika üzrə ilk dövrəsinə start verilib. Məktəblilərin növbəti spartakiadasında muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat, voleybol, basketbol və atletika idman növləri üzrə yarışlar reallaşıb, fərqlənənlər mükafatlandırılıblar. Şəhər və rayonlarda şəhidlərin xatirə turnirləri, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yarışlar keçirilib, idman federasiyaları üçün mütəmadi keçirilən ekskursiyalar çərçivəsində muzey ziyarətləri təşkil olunub. Naxçıvan alpinistləri dağa dırmanma fəaliyyətlərini davam etdirərək Zəfər Gününün qeyd edilməsi münasibətilə Haçadağa və Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Allahuəkbər dağlarına zirvə yürüşləri ediblər. Şəfi Hüseynov Bakı şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının İnkişaf Pro­qramı çərçivəsində keçirilən kursu uğurla tamamlayaraq beynəlxalq məşqçilik sertifikatı əldə edib.
    Bakı şəhərində təşkil olunan peşəkar boks gecəsində iştirak edən Naxçıvan boks məktəbinin yetirmələri Sərxan və Tayfur Əliyev qardaşları rəqiblərindən üstün olub, kikboksinq üzrə peşəkar turnirdə isə Zeynalabdin Musayev K1 versiyası üzrə birinci yerə sahib çıxıb. Türkiyədə keçirilən 44-cü Beynəlxalq İstanbul Marafonuna qatılan Əmrah Nağıyev “15 kilometr” kateqoriyasında 17-ci medala layiq görülüb. Polşanın paytaxtı Varşava şəhərində VIII Bialoleki kuboku uğrunda açıq cüdo turnirində Məhəmməd Mədətli birinci, Bakı şəhərində “Caspian Open” beynəlxalq karate turnirində Nərgiz Həsənli qızıl, Fatimə Bağırzadə gümüş, yeniyetmələr arasında boks üzrə Azərbaycan çempionatında Elbrus Kərimli qızıl, böyüklər arasında sambo üzrə Bakı açıq birinciliyində Məhəmməd Əlili bürünc medala sahib çıxıblar. Abşeron və Şamaxıda keçirilən sərbəst güləş yarışlarından 5 gümüş və 4 bürünc medal əldə olunub. İdmançılardan Tərmenxan Babayev, Həsən Babayev və Gülcahan Əliyeva ağır atletika, məşqçi Humay Qafarova isə bədii gimnastika üzrə milli komandalarımızın heyətində təlim-məşq toplanışlarında iştirak ediblər. Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Araz-Naxçıvan” növbəti turlarda “MOİK” ilə 3:3 hesablı heç-heçə edib, “Mingəçevir”ə 1:0, Qəbələnin eyniadlı komandasına isə ölkə kubokunda 5:0 hesabı ilə məğlub olub. 
    Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı təsdiq olunan tədbirlər planının icrasına uyğun olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, vətənpərvərlik motivli “Köhnə çamadanlar” bədii filminin nümayişi, eləcə də badminton, stolüstü tennis, güllə atıcılığı və peyntbol birincilikləri təşkil olunub. Əcnəbi tələbələrin də iştirak etdiyi tədbirlər çərçivəsində həftə ərzindəki müsabiqə və yarışların fərqlənənləri mükafatlandırılıblar. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə bir qrup gəncin Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiyası, gənclərin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşləri, həmçinin görkəmli şair-dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında səhnələşdirilən teatr tamaşasının nümayişi təşkil olunub. Gənc­lərin şəxsi inkişafına dəstək məqsədilə Şahbuz rayonunda yaşayan gənclər üçün motivasiya yönümlü təlim, Naxçıvan şəhərində isə yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birincilik keçirilib. Muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə sosial şəbəkələr, yol hərəkəti qaydaları və vətənpərvərlik mövzularında aparılan maarifləndirici söhbətlər, belə filmlərin nümayişi, yaradıcılıq müsabiqələri və intellekt yarışları davam etdirilib. Ölkəmizin gənclər paytaxtı Tovuzda keçirilən region gənclərinin forumunda muxtar respublikadan bir nəfər gəncin iştirakı təmin edilib.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 08.12.2022 20:25