AZ EN RU

Gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib

    İyulun 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib.
    Birinciliyin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzinin direktoru Emin Hacıyev bildirib ki, 1924-cü ilin iyulun 20-də Fransanın paytaxtı Parisdə FIDE təsis edilib və 20 iyul 1966-cı ildən Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.
    Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamızda şahmatın inkişafı daim diqqət mərkəzindədir, bu idman növünün kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın şəhər və rayonlarında şahmat məktəbləri müasir tələblərə cavab verəcək səviyyədə tikilərək istifadəyə verilib.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov çıxış edərək qeyd edib ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Bu qayğıdan pay sahibi olan şahmatıda xüsusilə qeyd etmək lazımdır. Belə ki, məktəbdə şahmat I-IX siniflərdə bir fənn kimi tədris edilir. Həmçinin muxtar respublikamızın quruculuq coğrafiyasında şahmat mərkəzi və rayonlarda şahmat məktəbləri mühüm yer tutur. Yaradılan bu infrastruktur nəticəsində gələcəyin güclü şahmatçıları hazırlanır. 
    Sonra birinciliyə start verilib. Ümumtəhsil məktəblərindən 40 müəllimin iştirak etdiyi şəxsi birincilik İsveçrə sistemi üzrə keçirilib və 5 turdan ibarət olub.
    Birincilikdə qadınlar üzrə Nərmin İsmayılova, Fəridə Şükürova və Gülnar Bayramova ilk üç pillədə qərarlaşıblar. Kişilər arasında isə Turan Qasımov hamıdan güclü olub. Hüseyn Həsənov ikinci, Vüsal Məmmədov isə üçüncülüklə kifayətlənib.
    Qaliblərə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.07.2022 19:03