AZ EN RU

Gənc məşqçilərə bəslənilən etimad bəhrəsini verir

    Gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov Naxçıvan şəhərindəki kikboksinq bölmələrindən birində olub, idmançıların hazırlıq səviyyəsi və yaradılan şəraitlə tanış olublar. 
    Məşqçi Cəbrayıl Qəribov məlumat verib ki, kikboksinq bölməsi 2 ilə yaxındır, fəaliyyət göstərir. Hazırda fərdi və qrup halında olmaqla, 80-dən çox uşaq, yeniyetmə və gənc burada idmanla məşğul olur. Həftəiçi bütün günlər məşğələlər keçirilir. Qardaş ölkə Türkiyədə peşəkar idmançı karyerasını başa vurduqdan sonra məşqçiliyə başladığını, bir müddət sonra isə fəaliyyətini doğma Naxçıvanda davam etdirmək qərarına gəldiyini deyən Cəbrayıl Qəribov əlavə edib ki, hazırkı məkan icarəyə götürülərək təmir olunmuş, Naxçıvan Kikboksinq Federasiyasının dəstəyi ilə birgə zəruri avadanlıq və inventarlarla təmin olunaraq idman zalına çevrilmişdir. Qeyd olunub ki, bölmənin idmançıları muxtar respublika və ölkə səviyyəli yarışlarda qənaətbəxş nəticələrə nail olublar. Mövcud potensiallar uğurlu nəticələr üçün böyük zəmin yaradır. 
    İdmançıların məşq prosesini izləməklə bərabər, zalda yaradılan şəraitlə yaxından tanış olan Ramil Hacı gənc məşqçiyə uğurlar arzulayıb, fəaliyyətin təkmilləşməsi istiqamətində fikirlər səsləndirib. 
    Qeyd edək ki, intensiv və effektiv işləmə mexanizminə nail olmaq üçün idman obyektlərində və məşq bölmələrində işin düzgün təşkili prioritet məsələ kimi aktuallığını qoruyur. Nazirlik muxtar respublikanın idman ictimaiyyətini və gənc təbəqəsini mövcud imkanlardan, yaradılan əlverişli şəraitdən düzgün və səmərəli istifadə olunmasına sövq edir, problem və çatışmazlıqların təhlilini apararaq müvafiq məsələlərin həlli istiqamətində səylərini davam etdirir. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 28.04.2022 19:56