AZ EN RU

Gənc könüllülər Türkiyəyə yola düşüb

Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə tədbirlər həyata keçirilir.

Həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulub. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli, çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün bu gecə qardaş ölkəyə yola düşüblər. Bakıdan gələn könüllülər əvvəlcə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda olub, burada Milli Məclisin deputatı, fondun icraçı direktoru Cəbi Quliyevlə görüşüblər. Muxtar respublikadan da könüllülərinin qoşulduğu 100 nəfərlik heyət xüsusi geyimlərlə təmin edilib, daha sonra yola düşüblər.
Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan İttifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülər öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.
Qeyd edək ki, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqının humanitar yardımı bu gün qardaş ölkəyə göndərilib.

Ceyhun Məmmədov

Nəşr edilib : 11.02.2023 09:50