AZ EN RU

Gənc dövlət qulluqçularının andiçmə mərasimi olub

    23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.

    Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə muxtar respublikada davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu siyasət dövlət qulluğu sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradıb. Bu gün muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb. 
    Qeyd olunub ki, mərkəz tərəfindən 2011-ci ildən bu günədək dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün keçirilmiş 22 müsabiqədə 7270 namizəd iştirak edib, onlardan 1354 nəfəri uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub ki, həmin şəxslərin də böyük əksəriyyətini gənclər təşkil edir. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39 faizə yaxını Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır. Bu gün muxtar respublikada, demək olar ki, bütün dövlət qurumlarında müxtəlif istiqamətlər üzrə işə qəbul prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə vasitəsilə həyata keçirilir. Bu isə uğurlu kadr potensialının formalaşmasına və istedadlı gənclərin davamlı şəkildə işlə təmin olunmasına imkan verir. 
    Bu gün muxtar respublikada vətəndaşların məşğulluq probleminin həlli üçün hərtərəfli işlər görüldüyünü və əlverişli mühit formalaşdırıldığını deyən İsmayıl Qəribli yaradılan şəraitə görə dövlət qulluqçuları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
    Gənc dövlət qulluqçusu Gülşən Qasımova çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda gənclərin inkişafı və özünütəsdiqi üçün zəruri şərait var. Mən də dövlətimiz tərəfindən gənclərə yaradılan şəraitdən və təqdim edilən təhsil imkanlarından istifadə edərək 600-dən çox balla Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Ali təhsilimi uğurla başa vurduqdan sonra dövlət qulluğuna qəbul imtahanlarında iştirak edib 92 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində işlə təmin edilmişəm. Gülşən Qasımova gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
    Daha sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər. 
    Dövlət İmtahan Mərkəzinin sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
    Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib.
    Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
    Xatırladaq ki, müsabiqəyə 169 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 696 namizəd sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 606 namizəd iştirak etmiş, 267 namizəd keçid balını toplamışdır. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 81-i vakant vəzifələrə təyin olunmuş, onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 40 nəfər andiçmə mərasimində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 20:11