AZ EN RU

“Gəmiqaya” Tarix-Bədii Qoruğuna biganə münasibət bağışlanılmaz milli qəbahətdir

    Tarixi abidələrimizi Azərbaycanın qədim sivilizasiya mənbələri hesab etməklə yanaşı, əcdadlarımızın milli pasportu adlandırsaq, yanılmarıq. Bu aspektdən yanaşsaq, Ordubad rayonu ərazisindəki Parağaçay qəsəbəsindən və Tivi kəndindən şimal-şərqdə, Nəsirvaz kəndindən şərqdə, Kiçik Qafqaz dağ sisteminin ən hündür silsiləsi sayılan Zəngəzur sıra dağlarının mərkəzi hissəsində yerləşən Gəmiqaya yaylağının ilk insan məskəninə şahid olduğu danılmaz faktdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Gəmiqaya abidəsi haqqında demişdir: “... Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”.
    Gəmiqaya abidəsi ulularımızın əsrlərboyu inanc yeri olmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2001-ci il aprelin 26-da qəbul edilən “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamdan sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilərək çoxlu sayda məqalə və kitablar yazılıb, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqayaya beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanılıb.
    2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilib. İki yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 200-dən çox eksponat var. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziumların materialları toplanıb.
    Gəmiqayadakı qayaüstü rəsmlərin yayılma arealını, sayını və digər məsələləri öyrənib dəqiqləşdirmək məqsədilə 2016-cı ilin avqust ayında AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mütəxəssislərindən ibarət “Gəmiqaya ekspedisiyası” yaradılaraq əraziyə ezam edilib. Ekspedisiya üzvləri “Gəmiqaya” Dövlət Tarix-Bədii Qoruq Muzeyinin əməkdaşları ilə birgə Qapıcıq zirvəsinin şimal-qərbindəki Neftli, Aşağı və Yuxarı Bacalar deyilən yerlərdən başlayaraq zirvənin qərbindəki göllər (Göygöl, Qazangöl), Qaranquş yaylağı, cənub-qərbindəki Nuh-Nəbi yurdu və Nazağa, Qapıcıq zirvəsinin cənubundakı Parağaçay dərəsində yerləşən “Qızgəlin çuxuru” adlanan yerədək 40 hektardan çox ərazidəki qayaüstü rəsmləri sistemli şəkildə öyrənərək qeydiyyata almışlar. Gəmiqaya yaylağının əsas yolu Nəsirvaz kəndindən olsa da, 2016-cı ildə çəkilmiş dairəvi yolla Parağaçay qəsəbəsindən Qızgəlin çuxuruna, oradan da asanlıqla Qaranquş yaylağına və “Gəmiqaya” Tarix-Bədii Muzeyinə gəlmək olar.
    Gəmiqaya rəsmləri içərisində insan fiqurlarının müstəsna yeri var. İstər tək formada, istərsə də qrup halında çəkilmiş rəsmlərdə insanın ali varlıq olduğu, onun idarəediciliyi aydın şəkildə sezilməkdədir. Bu insanların maralı, dağ keçisini, atı və ya vəhşi öküzü ram edərək onların bəzilərini cilovlayıb aparmasının, eləcə də əlindəki çomaq və ya qamçı ilə heyvanları idarə etməsinin əks olunduğu təsvirlər özünü göstərməkdədir. Bəs necə olur ki, ali varlıq sayılan insan bir vaxtlar sivilizasiyanın olmadığı dönəmdə heyvanları ram edərək onların rəsmini tarixin məhək daşlarına döyərək həkk etmiş, indi isə həmin insanlar o abidələr diyarını öz otlaqlarına çevirmiş, min bir dərdin dərmanı olan çiçəkləri yem kimi istifadə etmək xatirinə tariximizin qəsdinə durmuşlar? Axı şüursuz, dilsiz-ağızsız canlını başa salmaq olarmı ki, bura qoruqdur, burada otlamaq olmaz? Əlbəttə, xeyr!
    Min illərdir ki, inanc yerimizə çevrilən, əcdadlarımızın ilk qədəm qoyduğu yerləri şüursuz canlıların tapdağına çevirmək biz ali varlıqlar tərəfindən tariximizə, mədəniyyətimizə, əcdadlarımıza qarşı törədilən ən qatı cinayətdir.
    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlər görülməsinin zəruriliyi xüsusi vurğulanır. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
    Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi-memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması da həmin Dövlət Proqramının əsas məqsədlərindən və prioritet istiqamətlərindəndir.
    Lakin, təəssüf ki, sivilizasiyanın beşiyi hesab olunan, eramızdan əvvəl IV-I minilliklərə aid qayaüstü təsvirlərin yerləşdiyi “Gəmiqaya” Tarix-Bədii Qoruğunun otlağa, daha doğrusu, mal-heyvan tapdağına çevrildiyinin bu  gün də şahidi oluruq. Bu məlumatları şərh etdikcə ağlımıza belə bir fikir gəldi ki, görəsən, qoruğun mühafizə zonası yaradılıbmı? “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nin 2.1.10 bəndində deyilir:  “Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarını və qoruğun mühafizə rejminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülür”.
    Nəzərə alsaq ki, muxtar respublikamızda otlaq ərazisi yetərincə deyil və mal-heyvan sürüsü bu yaylaq ərazilərə nisbətdə çoxdur, o zaman problemin əsas mahiyyətinə varmış olarıq. Adətən, çobanlar sürüləri otlaq əraziyə yol xəritələri və yaxud da buraxılış vərəqəsilə daxil edir, orada ad, soyad və sürünün sayını göstərirlər. Normal halda 100 hektarlıq otlaq sahəsinə 10 min baş mal-qara düşdüyü, sənəddə də 10 min qeyd olunduğu halda, təəssüflər olsun ki, reallıqda bunun ikiqatına rast gəlinir. Bu halda qadağan olunmuş əraziyə keçdiyinə görə 20 min sürüsü olan bir sahibkara 500 manat məbləğində cərimə onun üçün yetərli inzibati cəza olmayacaq. Həmçinin o ərazidə bəbirlər, muflonlar, dağ keçiləri və digər yırtıcı qoruq heyvanları kifayət qədər yem tapmadıqda qoruğu tərk edərək üz tutacaq sərhəd bölgələrinə və nəticədə, ekoloji zərərin miqyası qarşısıalınmaz olacaq.
    Adıçəkilən əsasnamənin 3.2 bəndində deyilir: “Qoruğun ərazisində yerləşən elmi, tarixi-mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır”.
    Dəniz səviyyəsindən 3500 metr hündürlükdə yerləşən, yeganə sivilizasiya mərkəzi olan bu qoruqda hələ qar altından təzəcə baş qaldırmış qarçiçəyi, lalə, süsən, bənövşə, qantəpər, nərgizgülü çiçək açmadan mal-heyvan tərəfindən tükənilərək bu əsrarəngiz təbiət möcüzəsini tapdağa çevirir. Həmin ot-alafın toxumu məhv edilərək tapdalanır, nəticədə, yerini quru xozanlığa verir. Qanunda deyilir ki, qoruğun əsas hüquq və məqsədləri ərazidə yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaqdır.
     Yenə həmin əsasnaməyə müraciət etməyə ehtiyac duyuruq. Bu dövlət sənədinin 6.5.2 maddəsində deyilir:“Qoruq mühafizələri qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan qoruğun sərhədləri daxilində abidələrin istifadə olunmasına, ərazidə od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizəsi zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılması, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin özbaşına ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətinin çıxarılmasına icazə verməməlidir”.
    Azərbaycan Respublikası Prezidenti imzaladığı fərman və sərəncamlarda, müsahibələrində ölkədə ekoturizmin inkişaf etdirilməsi, standartlara cavab verən turizmin formalaşdırılması, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının formalaşdırılmasına diqqət çəkir, ekoturizmin inkişafının əhəmiyyətini vurğulayır, bölgəyə turist cəlb edilməsinə müsbət münasibət bildirir. “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nin 2.1.9 bəndinə baxaq: “Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir”. İndi düşünək ki, həmin qoruğa xarici bir turist gəlib. Min bir sözlə nağıllar aləminə gəldiyini, bənzərsiz flora ilə tanış olacağını, dünyanın beşiyindən ətrafa boylanacağını düşünən turist həmin ərazidə gül-çiçək, yaşıllıq yox, quru təbiətlə qarşılaşacaq və belə təəssüratla geri dönəcək ki, milli tariximiz və bu qoruğun təbii zənginlikləri haqqında  məlumatlar saxtalaşdırılıb.
    Gəlin hər birimiz vicdanımızın səsinə qulaq asaraq öz milli-mənəvi dəyərlərimizə sahib çıxaq, bu iş könül işi deyil, bu iş ürək işi deyil, bu iş vicdan işidir, milli vətəndaşlıq borcumuzdur. Vicdanımıza yelkən açaraq zamanın ağuşunda mübhəm sevgi ilə öz milli kimliyimizə dönək, tarixin saralmış səhifələrində gəzişərək milli kimliyimizə qayıdaq, əl-ələ verərək bizim olanlara sahib çıxaq!

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 16.08.2023 19:53