AZ EN RU

Gəlincikdən ayrılmağa macal tapmamış qızlarımızın gəlin olmağa məhkum edilməsi bağışlanılmaz cinayətdir

    Yurdumuz, günü-gündən çiçəklənən Azərbaycanımız hər zaman dünya xalqlarından özünəməxsus adət-ənənələri, zəngin milli-mənəvi dəyərləri, qədim tarixi ilə seçilmişdir. Onlardan önəmlisi isə məhz ailə dəyərlərimizdir. Ailə dəyərləri ali dəyərlərdir. Bəs bizlər üçün ailə nə deməkdir? Ailənin mahiyyəti nədir? 
    Azərbaycan ailəsi özünəxas mədəniyyəti, vətənpərvərliyi, qonaqpərvərliyi, ağsaqqala, ağbirçəyə hörməti, uşağa qayğısı ilə bütün dövrlərdə digər xalqlara nümunə olmuşdur. Ümumiyyətlə, ailə insanın dünyaya göz açdığı, boya-başa çatdığı və tərbiyə olunduğu, insanın istər uşaq və gənclik, istərsə də ahıl dövründə ona təbii sığınacaq olan müqəddəs bir məkanıdır. Müqəddəs məkanımız və eyni zamanda cəmiyyətin təməli olan ailənin əsasını qadın və kişi arasında bağlanmış nikah təşkil edir. 
     Nikah qanunla müəyyən edilmiş qayda və şərtlərə riayət etməklə bağlanılan, ər-arvad arasında şəxsi əmlak hüququ və vəzifələrini doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır. Nikaha daxil olan vətəndaşlar ailə yaratmaqla təkcə bir-birləri qarşısında deyil, eyni zamanda valideynləri, yaxınları və ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Erkən nikah isə dövrümüzün ən aktual problemi olaraq hər kəsi narahat edən məsələlərdən, başlıca sosial problemlərdən biridir. Bəs bu problemi yaradan başlıca səbəblər hansılardır?     
    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşı 18 müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda isə bu yaş həddi 1 ildən çox olmayaraq azaldıla bilər. Lakin elə hallar olur ki, gənclərimiz ailə anlayışını kifayət qədər dərk etmədən, yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olmasına baxmayaraq, erkən yaşda ailə qurmağa meyilli olurlar. Bundan da acınacaqlı hal isə odur ki, yeniyetmələrimiz erkən nikaha sevərək, könüllü olaraq deyil, ətraf mühitin, xüsusilə də valideynlərin təhriki ilə zorla bu izdivaca məhkum edilirlər. Bu kimi hallar nikah hesab olunmur, şərti olaraq erkən nikah adlanır. 
    Müasir dövrümüzdə bəziləri erkən nikaha cəmiyyətimizdə adət-ənənə pərdəsi ilə haqq qazandırmağa çalışsa da, bu, qətiyyən milli dəyərlərimizlə bağlı məsələ deyil, əksinə, qadın və uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır! Ən önəmlisi isə təcrübə göstərir ki, erkən nikah dedikdə xoşbəxt ailədən söhbət gedə bilməz və ciddi problemlərin başlanğıcı kimi başa düşülməlidir. İstər hüquq-vəzifələrin pozulması, istərsə də fiziki və psixoloji sağlamlığın itirilməsi, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi hallarını bura aid edə bilərik. Belə ailələr nəinki sağlam atmosferə malik bir ailə  ola bilmir, bütün müstəqil düşüncə tərzi, hüquq və azadlıqlar istismara məruz qalmış olur.
    Müsahibim Naxçıvan Muxtar Respublika Xəstəxanasının ginekoloq-cərrahı Günay Bağirsoylu da bir həkim və qadın kimi erkən nikahın düzgün olmamasını vurğulayır, yarada biləcəyi xəstəlikləri danışır.  Bildirir ki, bu, əqli və fiziki cəhətdən qüsurlu uşaqların doğulmasına, ananın və körpənin ölümünə gətirib çıxarır. Yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaranır. Həmçinin ekspertlər yeniyetmə orqanizminin fizioloji inkişafda olduğunu və bu dövrdə ailə quranlardan bir çox xroniki xəstəliklərin kəskinləşə biləcəyini xüsusi qeyd edirlər. Belə bir vaxtda erkən nikaha girmə yeniyetmələrdə HİV, QİÇS, xərçəng və pisxoloji xəstəliklərə  də yol açır.
    Erkən nikahdan qaynaqlanan psixoloji problemlərindən isə danışsaq, uğursuz nikahın, nəticədə, hər iki cinsin nümayəndəsinə böyük təsir etdiyini deyə bilərik. Fikrimcə, erkən nikahın qarşısını almağın ən gözəl yolu uşaqlar və yeniyetmələr ilə təməlindən, məktəb vaxtlarından maarifləndirmə işlərinə başlamaq lazımdır. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin psixoloqu Təhminə Cəfərli bildirir ki, erkən nikah birinci, qızların psixologiyasına, sonra isə təhsil hüququna böyük zərbə vurur. Nəticədə isə ananın, körpənin psixoloji problemlərinə və savadsızlığın artmasına səbəb olur. Çünki erkən nikaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, tam orta təhsil belə ala bilmir. Təhsilin olmaması isə cəmiyyətdə qadının rolunu azaldır və balans pozulur. Ölkəmizdə isə təhsilli analara hər zaman böyük ehtiyac vardır. Çünki cəmiyyət üçün mənəvi-psixoloji, fizioloji cəhətdən daha sağlam və hərtərəfli, yararlı vətəndaşın böyüdülməsində analarımızın rolu misilsizdir.
    Hüquqi cəhətdən isə qeyd etmək lazımdır ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurması, hər hansı bir şəxs tərəfindən buna təhrik edilməsi isə qadın və uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər bu normalar pozularsa, cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir ki, “Qadını nikaha daxil olmağa məcburetmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsində qeyd olunur ki, “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan mərhumetmə ilə cəzalandırılır”. 
    Erkən yaşda ailə quranların özünü yetərincə dərk etmək qabiliyyətləri hələ formalaşmadığı üçün bir çox məsuliyyətin öhdəsindən gələ bilmirlər. Bu isə ailə münasibətlərinin tənzimlənməsində qarşısı alınmaz problemlər yaradır, boşanma, intihar və cinayət kimi faciələrlə nəticələnir. Sonu uçurum olan erkən nikaha gedən yolun iki başlanğıcı var: biri həddi-büluğa çatmamış oğlan və ya qızın öz istəyi, digəri isə valideynlərinin məcburiyyəti, “arzusu”. Erkən nikahın qurbanı isə, əsasən, zərif cinsin nümayəndələridir. Zənnimcə, bir qadın üçün ən taleyüklü məsələ həyat yoldaşı seçimidir. Təəssüf ki, bəzən bu zaman verilən absurd qərarlar onların həyatları bahasına başa gəlir və qadınlarımız Ulu Tanrının bəxşişi olan ömürlərini öz əlləri ilə puç etmiş olurlar. Onu da qeyd etməliyik ki, gənc nəslin ailə səadətində valideynlərin də rolu əvəzsizdir. Təbii ki, hər bir valideyn övladının xoşbəxt olmasını istəyir, amma qızlarını çox erkən yaşda sevinclə, alqışla xoşbəxt həyata yola saldıqlarını düşünərkən, baş verə biləcək gələcək bədbəxtliyi dərk etmirlər. Valideynlər də, öz növbəsində, erkən nikahın fəsadlarına qarşı ciddi yanaşmalıdırlar ki, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməsinlər.
    Erkən yaşda ailə quranlar daim dövlətimizin diqqət mərkəzindədir. Bunun ən bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətidir. Komitənin əməkdaşı Elsun Cahangirli bildirir ki, muxtar respublikada erkən nikahın qarşısını almaq məqsədilə komitə tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə uşaqlara, eləcə də muxtar respublikanın rayon və kənd mərkəzlərində qadınlara maarifləndirici seminarlar keçirilmişdir. 26 yanvar 2023-cü il də isə  Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin 9 və 11-ci sinif sagirdləri ilə “Erkən nikah ailə institutunun məhvidir” adlı tədbir, 27 yanvarda Şərur rayon Cəlilkənd mərkəzində kənd sakinləri ilə “Erkən nikah və onun fəsadları” haqqında, 9 fevralda isə Ordubad rayonunda “Erkən nikah ailə institutunun məhvidir” maarifləndirici tədbirlər keçirilmişdir. Həmçinin komitə tərəfindən “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?”, “Erkən nikah-ailə faciəsinin təməlidir” mövzularında maarifləndirici broşürlər hazırlanmışdır ki, həmin bröşürlər uşaq hüquqları haqqında keçirilən tədbirlərdə iştirakçılara paylanılmışdır.
    Bununla yanaşı, müsahibimiz Elsun Cahangirli bildirir ki, muxtar respublikanın 2022-ci ilin  II rübünə nəzər saldığımız zaman 1936 sağlamlıq imkanları məhdud uşaq dünyaya gəlmişdir ki, bunun 1414-ü anadangəlmə, 522-si sonradan qazanılmışdır. Həmin ailələrə nəzər saldığımız zaman bunun başlıca səbəbini erkən nikah bağlanmasında görürük. Daxili İşlər Nazirliyinin rayon icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları da aidiyyəti qurumlarla əlaqəli şəkildə fəaliyyət göstərməklə, həssas məsələnin  həlli istiqamətində tədbirlər həyata keçirir. 

    Göründüyü kimi, dövlətimiz erkən yaşda nikahların qarşısını almaqla yanaşı, onları himayə də edir. Lakin cəmiyyətdə baş verən belə hallara qarşı mübarizəni təkcə dövlət orqanları aparmamalıdır. Hər birimiz bu zəruri məsələyə qarşı çıxmalı, buna mentalitet, ənənə donu geyindirənlərlə barışmamalı, üzərimizə düşən bu məsuliyyətə, mənəvi borca biganə qalmamalıyıq. Gəlincikdən ayrılıb gəlinlik geyinməyə məhkum edilən qızlarımıza dəstək olmalıyıq, “Tez evlənən uduzmaz”, – deyənlərin imza atmağı bacarmayan qızların talehsiz həyata imza atmalarına yol, icazə verməməliyik. İşıqlı sabahımız olacaq yeniyetmələr hərtərəfli düşünməyə, gələcək ailə və ana-ata məsuliyyətini şüurlu şəkildə dərk etməyə səsləməliyik.

Sürəyya BAĞIROVA

Nəşr edilib : 15.02.2023 21:34