AZ EN RU

“Gələcəyini planlaşdır” təlimi keçirilib

Dünən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində “Gələcəyini planlaşdır” adlı təlimə başlanılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada ardıcıl olaraq həyata keçirilən dövlət qadın siyasəti haqqında ətraflı məlumat verib. Müvafiq sahədə qanunvericilik aktları, dövlət proqramları qəbul olunmasından bəhs edən komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması qadınların məşğulluqlarının təmin olunmasında mühüm sənəddir. Proqramın icrasına uyğun olaraq Komitə tərəfindən müvafiq tədbirlər görülür, hər il onlarla qadın sosialyönümlü layihələrə cəlb olunur, özünüməşğulluqları təmin olunur, istedadlı qadınların əl işlərinin sərgisi və satışı həyata keçirilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınlarla bağlı artıq dördüncü layihənin icrasına başlanılmışdır. Ötən müddət ərzində keçirilən layihələrdə 128 qadına maddi dəstək göstərilmiş, həmin qadınlar fəaliyyət istiqamətlərinə  uyğun öz təsərrüfatlarını qurmuşlar. Komitə tərəfindən müvafiq təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər keçirilir. Görülən işlərin davamı olaraq cari ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi “Ailə rifahı naminə qadınları maarifləndirək” adlı layihənin icrasına başlanılıb. Mart ayı ərzində layihənin açılış mərasimi keçirilib, ötən müddət ərzində muxtar respublikanın bütün rayonlarında olmaqla  layihədə iştirak edəcək  80-dən artıq  qadın  seçilib.  
Layihə haqqında ətraflı məlumat verən komitə sədri bildirib ki, layihə çərçivəsində “Gələcəyini planlaşdır” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulub. Bugünkü təlimdə Naxçıvan şəhəri, Babək və Kəngərli rayonları üzrə layihə iştirakçıları olan 24 qadın iştirak edir. Layihənin icra müddəti cari ilin sonunadək nəzərdə tutulur, iyul-avqust aylarında isə sərmayə kapitalının verilməsi planlaşdırılır. Verilən sərmayə kapitalının 75 faizi ailə təsərrüfatlarının qurulması üçün, 25 faizi isə digər fəaliyyət sahələri (dərzilik, toxuculuq, bərbərlik, xalçaçılıq, dekorativ tətbiqi sənət sahəsi və s.) üzrə nəzərdə tutulub. 
Ramilə Seyidova muxtar respublika qadınlarına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihənin şərtləri haqqında slayd vasitəsilə ətraflı məlumat verib. Qeyd edilib ki, təlimlər layihə iştirakçıları olan qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir. 
Layihə iştirakçısı Xuraman Seyidova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təliminə start verilib. Təlim qarşılıqlı diskussiya şəklində keçirilmiş layihədə iştirak edən digər rayonların qadınları üçün də təlimlərin keçirilməsi nəzərdə  tutulub, sonda qadınlara müvafiq sertifikatlar veriləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:20