AZ EN RU

Gələcəyin mübariz asayiş keşikçiləri

Orta İxtisas Polis Məktəbində bir gün

Xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmək, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirmək – onların əsas məqsədi budur. Hadisə yerində olmaq və bu işi vicdanla yerinə yetirməyi bacarmaq. Şahid olanlar bilir ki, bu, çox təhlükəli və riskli peşədir. Təbii ki, insanları təhlükədən qorumaq üçün əvvəlcə bu peşənin, bu sahənin sirlərini öyrənməlisən. Bəs bu peşənin sirləri nədir? İctimai asayiş keşikçilərinin bu peşəni necə öyrəndiklərini bilmək üçün Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə yollandıq. 

    Əsas məqsəd: dövlətə sədaqətli vətəndaş yetişdirmək

Naxçıvan şəhərindəki Orta İxtisas Polis Məktəbinə daxil olarkən burada tam sakitlik hökm sürürdü. Məlum oldu ki, kursantların hamısı təlim atışına yollanıb. Fürsətdən istifadə edib məktəbin rəisi, polis polkovniki Kamil Məmməd­əliyevlə söhbətləşdik. Rəis bildirdi ki, Orta İxtisas Polis Məktəbi Azərbaycanın ən gənc təhsil müəssisələrindən biridir və cəmi 5-ci ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində məktəbin 3 məzun buraxılışı olub. Orta İxtisas Polis Məktəbinin fəaliy­yətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli zabit kadrları hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdir. Belə ki, məktəbdə orta ixtisas təhsili alan kursantlarla yanaşı, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilmiş sıravi və kiçik rəis heyəti əməkdaşları da ilkin hazırlıq kursu keçirlər. Təhsil alanlar dövlət hesabına təqaüd, geyim, yataqxana və yeməklə təmin olunurlar. Orta ixtisas təhsilini müvəffəqiyyətlə bitirən məzunlara Hüquq-mühafizə fəaliy­yəti ixtisası verilməklə, daxili işlər orqanlarında polis zabiti kimi xidməti vəzifələrə təyin olunurlar.
Kamil Məmmədəliyev onu da diqqətimizə çatdırdı ki, polis məktəbində əsas məqsəd ixtisaslı kadrlarla yanaşı, həm də dövlətə sədaqətli vətəndaşlar yetişdirməkdir. Çünki Vətəninə, millətinə, xalqına sadiq, sədaqətli kursant gələcəkdə də bir fərd kimi cəmiyyətə öz töhfəsini vermiş olur.

    Müasir təhsil

Orta İxtisas Polis Məktəbində təhsilin yüksək səviyyədə aparılması, kursantların nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün elmi tədris bazası, 3 mindən artıq kitabı olan zəngin kitabxana yaradılıb. Kitabxanada Ulu Öndər Heydər  Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən siyasi ədəbiyyatlar guşəsi də fəaliyyət göstərir. Məktəbdə kriminalistik laboratoriya və avtonəqliyyat vasitələrinin istismarı və sürücü təlim simulyatoru quraşdırılıb. Burada texniki göstəriciləri və parametrləri avtomobillə eynilik təşkil edən simulyator müxtəlif yol və hava şəraitində təlimin keçirilməsinə imkan verir. Həmçinin polis məktəbində hərbi hazırlıq, tibb, kompüter və kursantlara praktiki təlim atışlarını və mürəkkəb əməliyyat şəraitində çevik qərar qəbuletmə vərdişlərini öyrətmək məqsədilə texnologiyanın müasir növləri ilə təchiz edilmiş interaktiv atəş hazırlığı sinfi lazımi avadanlıqlarla təchiz olunub. Onu da qeyd edək ki, məktəbdə kursantların fiziki hazır­lığının möhkəmləndirilməsi, onların fiziki göstəricilərinin yüksəldilməsi məqsədilə həm açıq, həm də qapalı şəraitdə idman zalları da mövcuddur. Dərslər isə yüksək səviyyədə tədris olunur. Tədris metodiki bölmənin baş müəllimi, polis mayoru Rəşad Məmmədov deyir ki, Orta İxtisas Polis Məktəbinin pedaqoji heyəti olaraq qarşımızda duran vəzifə vətənpərvər, polis andına sadiq, intizamlı və peşəkar polis əməkdaşlarının hazırlanmasıdır: “Bu məqsədlə fəaliyyətimizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazır­layan Məktəbi ilə əlaqəli şəkildə quraraq müasir təlim-tədris metodlarından istifadə edirik. Tədrisin innovativ metodlarından istifadə etmək üçün polis məktəbində lazımi şərait yaradılmışdır. Təhsilalanların nəzəri və praktiki biliklərə yiyələnməsi ilə yanaşı, onların intellektual təfəkkürünün və ümumi dünyagörüşünün artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Üzərimizə düşən məsuliyyəti dərk edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacağıq”.

    “Arzumuz polis andına sadiq 
    polis zabiti olmaqdır”

Bu gün ölkəmizdə demokratikləşmə proseslərinin inkişafı, cəmiyyət quruculuğu yönündə atılan mühüm addımlar polis orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərib. Məhz bunun nəticəsidir ki, hazırda ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə uğurlar əvvəlki illərlə müqayisədə xeyli artıb. Təbii ki, bunun təməlində ilkin atılan addımlar dayanır. Kursant Kamal Mehdiyev deyir ki, burada asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Günün nizam qaydalarına uyğun olaraq dərs məşğələləri bitdikdən sonra açıq və qapalı idman zallarında fiziki hazırlığımızı artırırıq, intellektual oyunlarla, mütaliə ilə məşğul oluruq. Bundan başqa, ölkəmizdə və dünyada baş verən hadisələr barədə məlumatlar əldə edirik. Polis zabiti olmağın məsuliyyətini dərk edirik. Ona görə də çalışırıq ki, təhsil aldığımız müddətdə yüksək biliklər əldə etməklə yanaşı, intellektual səviyyəmizi və ümumi dünyagörüşümüzü də artıraq.
Məktəbdə polisin fəaliyyətinə dair nəzəri və praktiki biliklər əldə etmək, fiziki və döyüş hazırlığının yüksəldilməsi üçün də mühüm işlər görülür. Kursant Maqsud Əliyev bizimlə söhbətində bildirdi ki, onun praktiki məşğələlərə daha çox marağı var: “Gələcəkdə peşəkar polis zabiti olmaq üçün təhsil aldığımız müddətdə tədris olunan fundamental hüquq fənlərini öyrənməyə, qanunvericilik sisteminə daxil olan aktların tələblərini dərindən mənimsəməyə səy göstəririk. Mənim praktiki məşğələlərə daha çox marağım var. Bu məşğələlərdə polisin fəaliy­yətinə dair sənədlərin tərtib olunması qaydalarını öyrənirik. Atış və kütləvi iğtişaşların qarşısının alınması sahəsində keçirilən təlimlərdə iştirak edirik və bu, döyüş hazırlığımızın yüksəldilməsində mühüm rol oynayır. Bizim arzumuz gələcəkdə Vətənimizə, dövlətimizə və polis andına sadiq peşəkar polis zabiti olmaqdır”. 
Polis məktəbində digər mühüm məsələ heyətin sağlamlığını daim nəzarətdə saxlamaq, kursantların qidalanmasına böyük önəm verməkdir. Odur ki, burada ərzaq məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Diqqətçəkən ən önəmli məqam isə zabit heyəti ilə kursantların eyni anda, eyni məkanda yemək yeməsidir. Təbii ki, bu hal kursantlarda həm özünəgüvən, həm də gələcək nəsillər üçün “Polis necə olmalıdır?” şüurunu formalaşdırır. Ümumiyyətlə, Orta İxtisas Polis Məktəbinin üstünlükləri çoxdur: həm təhsil alırsan, həm də məzun olduqda həmin sahə üzrə işlə təmin edilirsən.
Tədris korpusundan, yeməkxana və yataqxana binalarından ibarət olan Orta İxtisas Polis Məktəbində təhsilin müasir tələblər səviyyəsində hazırlanması, kadrların təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Şübhəsiz ki, bu məktəbin məzunları ölkəmizdə asayişin, təhlükəsizliyin təminatı üçün nümunəvi fəaliyyət göstərəcəklər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.04.2024 15:17