AZ EN RU

Gələcəyin ixtiraçı alimləri olmaq yolunda uğurlu addımlar

    Son illər ölkəmizin təhsil siyasətindəki müasir yanaşmalar bu sahədə yeni uğurlara yol açıb. İnkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin, olimpiadaların həyata keçirilməsi şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılması, dünyagörüşünün artırılmasında mühüm rol oynayır. Məhz 1-3 sentyabr tarixlərdə Bakı şəhərində keçirilən VI Robot Olimpiadası da bu layihələrdən biri idi. Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” olmaqla, 4 kateqoriya üzrə 160 komanda şəklində iştirak etdilər. Olimpiadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Young inventors”, “Deusra”, “Fourtune” adlı komandalar təmsil etdi. Olimpiadanın yekununda təmsilçimiz “Deusra” komandası “Robosport” kateqoriyası üzrə qalib olaraq 7-9 noyabr tarixlərdə Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil etmək hüququ qazandı.  Biz də qalib komandanın üzvləri Abbas Zeynalov, Hüseyn Tahirov və Oğuz Nəcəflinin təəssüratlarını öyrəndik.

    Abbas Zeynalov Naxçıvan şəhərində anadan olub. Şəhərimizdəki 8 nömrəli tam orta məktəbdə təhsil alır. O, uğurlarından danışaraq dedi: – “SAF 2022”də “Robomisson” kateqoriyası üzrə üçüncülük, “WRO-2023” də isə “Robosports” kateqoriyası üzrə birincilik əldə etmişəm və Naxçıvan üzrə olan yarışlarda da iştirak edib yer tutmuşam. 3 ildir ki, STEAM təhsil metodu üzrə biliklərimi artırıram, bir sıra olimpiada və yarışlarda iştirak edirəm. Robot olimpiadasında isə ilk dəfədir, iştirak edirdim. Əvvəlcədən bu kimi yarışlarda olmağıma baxmayaraq, içimdə böyük həyəcan var idi. Burada müəyyən təcrübələr əldə etdim, hansı ki bunlardan ən əsası diqqətli olmaq və zamandan düzgün istifadə idi. Çünki yarışda etdiyimiz cuzi bir qayda pozuntusu və ya robotda etdiyimiz kiçik bir səhv işimizə mənfi təsir göstərə bilərdi. Layihəmiz “Robosports” kateqoriyası üçün təyin edilmiş 2 robot idi. Robotların yarışdığı arena 2 hissəyə bölünmüş, hər iki tərəfdə 1 komanda olacağı müəyyənləşdirilmişdi, hər komandada 2 robot yarışırdı və oyun başladıqda hər iki komandaya 4 top verilirdi. Yarışın əsas məqsədi qoyulan vaxt ərzində topları digər komandanın sahəsinə atmaq idi və sonda hansı komandanın sahəsində az top qalırdısa, qalib sayılırdı. Bizim robot səhvsiz şəkildə bütün tapşırıqları yerinə yetirdi. Bunun səbəbi robotumuza etdiyimiz dizayn və kodlaşdırma idi. Qalib olmağımızın əsas səbəbi isə komandamız arasında olan dostluq və birlik idi ki, bir-birimizə inanırdıq və dəstək olurduq. Hazırda Panamada keçiriləcək final yarışına güclü hazırlıqlar gedir, oradan da qələbə ilə qayıdacağımıza inanırıq.
    Hüseyn Tahirov Ordubad şəhərində doğulub, Ordubad şəhər tam orta internat məktəbində təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində təhsil alır. Onun dediklərindən: – Məktəbdə keçirilən sınaq imtahanlarında 680-700 arası bal toplayırdım. VII sinifdə oxuyarkən STEAM təhsilinə ilk addımımı atdım. Sərbəst layihə üzrə Ordubad rayon komandasının, Mancanaq robot üzrə isə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin üzvü olaraq II yerə sahib çıxmışam. Həmçinin Ordubad şəhər tam orta internat məktəbinin şagirdi kimi “STEAM təhsil festivalı”nda III yerə layiq görüldüm. VIII sinifdə isə “3D bacarıqlar mexatronika” yarışında I, “SAF 2022”də nominasiya üzrə II, “Labirint robot” yarışı üzrə II, “Microbitlə kodunu yaz” layihəsi üzrə yarışda I yerin qalibi oldum. Həmçinin sınaq imtahanlarında muxtar respublika üzrə II və III yerlərin sahibi kimi, “İlin şagirdi” seçilmişəm. 40-a yaxın diplom, sertifikat və fəxri fərmanım, 8 medalım var. VI Robot Olimpiadasında qazandığımız qələbə növbəti uğurlarımdan biridir. Ciddi səylə çalışırdıq ki, Azərbaycanımızı Panamada təmsil edənlər sırasına çıxaq. STEAM Təlim-Tədris Mərkəzində məşqlərimizi edə bildik. Bakıda yarış zonasında bir-birindən güclü komandalar ilə rastlaşdıq. Komandada bir yerdə işləməyi, yeni strategiyaları öyrəndik, sürətli düşüncə tərzini mənimsədik. Qalib olmağımız bizə çox böyük bir qürur hissi yaratdı. Burada müəllimlərimizdən Fuad Babayev və Ələkbər Əliyevin böyük rolu oldu. Onlara minnətdarıq. 
    Oğuz Nəcəfli Culfa rayonunun Xanəgah kəndində doğulub. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdidir. Onun dediklərindən: – 2022-ci ildə nümunəvi davranış və təhsildə qazandığım uğurlara görə “İlin ən fəal şagirdi” nominasiyası üzrə təltif edilmişəm. Həmin il “Sabahın tədqiqatçıları” layihəsində fizika fənni üzrə layihə təqdim etmişəm, “STEAM təhsil festivalı”nda “Labirint robot” kateqoriyası üzrə III, “Edu Drone” kateqoriyası üzrə isə I yeri tutmuşam. İstanbul Aydın Universiteti tərəfindən keçirilən “Lise yaz okulu” proqramında iştirak edərək uğur qazanmışam. Bu il muxtar respublika məktəbliləri arasında keçirilən respublika fənn olimpiadasında İnformatika fənni üzrə II yer tutmuş, 2 fevral – Gənclər günü münasibətilə təhsil sahəsindəki xüsusi nailiyyətlərimə görə təltif olunmuşam. STEAM təhsili üzrə keçirilən Mikrobit kodlaşdırma ilə “Kodunu yaz-layihəni yarat” müsabiqəsində II yerə çıxmış, “Sabahın alimləri” 12-ci respublika müsabiqəsində mühəndislik nominasiyasi üzrə layihə təqdim etmiş, “Fizika, riyaziyyat və astronomiyanın aktual problemləri” mövzusunda III Respublika elmi konfransında məruzə ilə çıxış etmiş, “Sabahın tədqiqatçıları – 2023” layihəsində fizika fənni üzrə layihə təqdim etmişəm. İyunun 9-da keçirilən STEAM təhsili üzrə “EDU DRONE” müsabiqəsində II yeri tutmuşam. Uşaqlıqdan elektronika və robotlara marağım və xəyalımdakı layihələri reallaşdırmaq istəyim olub. Naxçıvanda STEAM təhsil metodunun tətbiqi xəyallarımı gerçəkləşdirməkdə mənə kömək oldu. Əlbəttə, müəllimlərim də mənə çox böyük dəstək verdilər və hər birindən müxtəlif biliklər əldə etdim. İndiyə kimi çox layihəm olub. “Minaaxtaran dron” layihəmi ilk dəfə “Sabahın alimləri” respublika müsabiqəsinə təqdim etdim və ölkə daxilində çox bəyənildi. “Teknofest Azərbaycan” festivalında təqdim etdiyim kəşf robotu da bu layihədə uğurlu oldu. Bu il “Sabahın alimləri” müsabiqəsinə hazırladığım “weapon cooling system” (silah soyutma sistemi) layihəm diqqət çəkib. 
    1-3 sentyabr 2023-cü il tarixlərdə keçirilən VI Robot Olimpiadasında “Robosports” kateqoriyası üzrə qalib olmağımız isə bizə daha böyük qürur yaşatdı. Bu yarışı qazanmaqda müəllimlərimizin bizə verdiyi tövsiyələr və motivasiya çox kömək oldu. İnanırıq ki, Panama Respublikasında da Naxçıvanımızı layiqincə təmsil edəcəyik. 
    Məktəblilərimizin qazandığı nailiyyətlər bizi də sevindirir. Onlara ölkəmizi, Naxçıvanımızı xaricdə təmsil etmək yolunda daha böyük uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 06.09.2023 10:59