AZ EN RU

Gələcəyin istedadlı mühəndisləri həm də Vətənimizin işıqlı sabahıdır

Naxçıvan Dövlət Universitetinin tələbələri ROBOTEX Türkiyə festivalının qalibi olub

    Çağdaş dünya təhsil siyasətində yenilikçi ideyalar, innovativ dəyişikliklər hər ötən gün daha da artır, istənilən inkişaf etmiş ölkənin siyasətində təhsilin yeni və yaradıcı fəaliyyət modeli zamanın əsas tələbi kimi diqqəti cəlb edir. Sevindirici haldır ki, bu gün ölkəmizin nail olduğu sosial-iqtisadi inkişaf təhsil sahəsinə də öz bəhrəsini verib. Nəticədə, ictimai-sosial həyatın bütün sahələrində, ən əsası isə ali təhsil ocaqlarımızda innovasiya fəaliyyətinin genişləndirilməsi, həmçinin süni intellekt nəzəriyyəsinə əsaslanan biliklərin tətbiqinin sürətləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Sözügedən tədbirlərin davamı kimi ali təhsil ocaqlarımızda gələcəyin mütəxəssislərinin texnologiya sahəsinə marağını artırmaq, bu sahədəki məlumatlılığını təmin etmək, onların əldə etdikləri bilik və bacarıqlarla robot modellərin – robotexnikaların yaradılması və dizaynı, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətmək istiqamətində uğurlu layihələr icra olunur. 

    Naxçıvan Dövlət Universitetinin beş nəfərdən ibarət gənc nümayəndəsinin Vətənimizi, muxtar respublikamızı qardaş Türkiyə Respublikasının Antalya şəhərində keçirilən ən böyük robotexnika festivalında təmsil etməsi də məhz icra olunan məqsədyönlü layihələrin bəhrəsidir. “Robotex Türkiyə 2023” mövsümünün sonunda bir neçə ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Estoniya, İran və digər ölkələrin təmsil olunduğu turnirlərdə həmin nümayəndə heyəti I yerin qalibi kimi Naxçıvana qayıdıb. Fürsətdən istifadə edərək doğma universitetimizi təmsil edən və festivaldan qalibiyyətlə qayıdan bir neçə iştirakçı ilə həmsöhbət olduq. 
    Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsi Meliorasiya və Ekologiya kafedrasının müəllimi Hüseyn İmanov öz təəssüratlarını bizimlə belə bölüşdü: –  Çox sevindirici haldır ki, Naxçıvan Dövlət Universitetindən göndərilən “NSUTECH” komandasının tərkibində Azərbaycanı  dünyanın ən böyük robotexnika festivalı olan “Robotex Türkiyə 2023” sezonunda təmsil edib, 7 kateqoriyalı turnirdə  “Sahibkarlıq mübarizəsi – Universitet” kateqoriyası üzrə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyaları” üzrə 2 nominasiya üzrə mükafata layiq görüldük. Bir neçə ay ərzində bu layihəyə komandamızın tərkibindəki fəal tələbələrlə birgə hazırlaşarkən çox həyəcanlı idik. Ən önəmli hissə isə hansı layihəmizlə qoşulmağı qərarlaşdırdığımız mərhələ oldu. Festivalda Azərbaycan, Türkiyə, Estoniya, İran və digər ölkələrdən 35 min iştirakçı öz hazırladıqları 1750 robotla birgə müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gəlmişdirlər. Rəqiblərimizin çox güclü olacağını bilirdik. Bütün çətinliklərə baxmayaraq, komandamızda ruh yüksəkliyi daim çox yüksək idi. Ən əsası isə inanırdıq. Tək məqsədimizə çatmaq – ölkəmizin bayrağının dünyanın ən böyük robotexnika festivalında dalğalanması və himnimizin səsləndirilməsi bizim üçün ən qürurverici anlardan biri oldu. Bir an belə yorulmadan, bezmədən çıxdığımız bu yoldan uğurla qayıdaraq başda ailə üzvlərimiz olmaqla bizə güvənən və heç zaman dəstəyini əsirgəməyən şəxslərin və Naxçıvan Dövlət Universitetinin kollektivinin inamını bir daha doğrultmuş olduq. Qardaş ölkə Türkiyədə mənimlə birgə Vətənimizi təmsil edən hər bir “NSUTECH” komandasının üzvünü təbrik edir, uğurlarımızın daim olmasını arzu edirəm.
    Festivalın fəal iştirakçılarından olan universitetin Tibb fakültəsinin II kurs tələbəsi Əli Ələkbərli də öz fikirlərini bizimlə bölüşdü: – Dünyanın bir neçə ali təhsil ocağının tələbələrinin iştirak etdiyi belə bir layihədə qalib olmaq, düşünürəm ki, hər bir kəsin, ələlxüsus da, gələcəkdə bilikli mütəxəssis adını qazanmaq istəyən tələbələrin arzusudur... İstərdim, festivalda birinciliyə layiq görülmüş layihələrimizin bir istiqaməti barədə məlumat verim: “Sağlamlıq elmləri və sağlamlıq texnologiyaları” adlı layihəmizdə, əsasən, elektrokardioqram cihazlarının fəaliyyəti barədə tezislər irəli sürdük. Bu da kardioloq-cərrahların işini asanlaşdırmaq, ürək xəstəliyindən həyatı risk altında olan xəstələrə kömək etmək, o cümlədən cərrahlarımızın vaxt itkilərini minimuma endirmək kimi əsas məqsədlərə xidmət edir. Həmin qurğunun iş texnologiyası isə tamamilə müasir tələblərə cavab verən süni intellektə əsaslanır. Belə ki, cihazın funksiyasına əsasən artıq həkimlərimiz ürək xəstəliyindən əziyyət çəkən xəstələri müayinə etmək üçün elektrokardioqram qurğularından istifadə edə biləcəklər. Bununla belə cihazlarda olan yüksək siqnalizasiya sistemi ilə xəstənin səhhətində baş verəcək ən adi bir narahatlıq – ürək döyüntülərinin artması və azalması, oksigen çatışmazlığı, təzyiq və digər problemlər bu vasitə ilə həkimə məlumat verəcəkdir. Dəqiq müayinə imkanlarına malik olacaq bu cihaz ölüm risklərinin azalmasında kardioloq-cərrahlarımızın, necə deyərlər, “əlindən tutacaqdır”. 
    Universitetin Ekologiya ixtisası üzrə II kurs tələbəsi Abdulla Kərimlinin dediklərindən: – Biz beş nəfərdən ibarət heyət olaraq 2 aydan artıq bir zamanda bu festivala hazırlaşmışdıq. Festivalda üstünlüyü tibb sahəsi üzrə layihələrin icrasına vermişdik. Bu istiqamətdə atdığımız bir digər addım isə insanların, ələlxüsus da ki, ahılların köməyinə çatacaq kiçik, daşına bilməsi asan olan elektron sağlamlıq qurğularının yaradılması oldu. Əsas məqsəd də o idi ki, səhhətində narahatlığı olan insanlar bu qurğular vasitəsilə həyatlarını, sağlamlıqlarını bir növü qoruma altına alaraq səhhətlərində yaranan hər hansı problemə anında müdaxilə edə bilərlər. Siqnal sistemi ilə işləyəcək bu texnologiyaların üstünlüyü yerindəcə mütəxəssisə, həkimə xəbərdarlığın edilməsidir. İnanırıq ki, bu qurğuların mövcud olacaq imkanları insanlara daha çox xidmət edəcəkdir. 
    Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Bunun nəticəsidir ki, istedadlı, potensiallı gənc kadrlarımız gələcəyin bilikli mütəxəssisi kimi yetişməklə qalmır, həm də ölkəmizə başucalığı gətirir, qürur hissi yaşadırlar. Biz də Vətənimizi parlaq şəkildə təmsil edən qalib gənclərimizə uğurlar, müvəffəqiyyətlər arzu edirik. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 03.05.2023 21:11