AZ EN RU

Gələcəyin hüquqşünasları gündəlik iş prosesində iştirak ediblər

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədlə Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin görüləcək işlərə dair birgə təsdiq etdikləri “Tədbirlər Planı”na əsasən tələbələrin nazirlikdə və onun yerli qurumlarında iş prosesi ilə tanışlıqları təmin edilir. Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə əyani təhsil alan I kurs tələbələri Naxçıvan Şəhər 2 saylı Nikah Evində, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisində və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində görülən işlərlə tanış olub, qurumların fəaliyyəti və iş prinsipi barədə məlumat alıblar. 
    Tələbələr əvvəlcə İcra və Probasiya Şöbəsində olaraq icra məmurları tərəfindən həyata keçirilən icra prosesində iştirak edib, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri, məhkəmə qərarlarının qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi barədə geniş məlumat alıblar.
    Sonra 2 saylı Nikah Evində tələbələrə nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları, eləcə də vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib. Tələbələr nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak ediblər.
     1 saylı Notariat Ofisində isə tələbələr notariat hərəkətləri aparılmasının əsas qaydalarını praktik olaraq izləyiblər. Bu proseslər zamanı dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib. 

   Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 01.11.2022 17:49