AZ EN RU

Gələcək üçün atılan addımlar Gənclərin inkişafı ölkə üçün ən böyük investisiyadır

    Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərimizi ictimai-siyasi və sosial-mədəni sahələrdə fəal iştirak edir ki, bu da gənclərlə iş sahəsində irəliləyişin əldə olunmasına, onların inkişafına təkan verir, cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayır. Ölkənin bütün regionlarında gənclər təşkilatlarının fəaliyyət göstərməsi, gənclərin bir qüvvə kimi formalaşdırılması Azərbaycanın gələcəyi naminə atılan addımdır. İmzalanan fərman, sərəncam, qəbul olunan Dövlət proqramları Naxçıvan Muxtar Respublikasında da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərir. Həmçinin gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilir. Cari ildə muxtar diyarımızın gəncləri ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak etməklə dövlətin gənclərə diqqətinin əhəmiyyətli dərəcədə artmasını bir daha əyani olaraq göstərmiş oldular.

    2001-ci il yanvarın 12-də Culfa rayonunun Bənəniyar kəndində dünyaya gələn Elmar İsgəndərov üçün 2022-ci il uğurlu nəticələrlə yadda qalıb. 2018-ci ildə qəbul olduğu Naxçıvan Dövlət Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsilini cari ildə tamamlayan Elmar, “Naxçıvan” Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr adını qazanıb. 2019-cu ildən bəri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllülük proqramına, həmçinin Gənclərin İntellektual İnkişafı İctimai Birliyinə qoşulan gənc fəalımız bunun vasitəsilə bir çox tədbir və layihələrdə iştirak edib: “2020-ci ildə könüllülük fəaliyyətim üzrə “İlin könüllüsü” adına layiq görülmüşəm. Bununla yanaşı, bir çox layihənin təşkilində də aktiv fəaliyyətim olub. 2022-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin könüllülük proqramına seçilmişəm və Ümummilli Liderin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası üçün Azərbaycan Respublikasının bir gənci olaraq hərtərəfli fəaliyyət göstərmişəm”. 
    Elmar İsgəndərov bununla yanaşı, muxtar respublikada keçirilən intellektual oyunlar üçün komanda yaradıb və 2019-cu ildə “Çoxnövçülük üzrə Qış kuboku” intellektual oyununun üçüncüsü, 2021-ci ildə muxtar respublika üzrə “Breyn-Rinq” oyununun qalibi olub. Həmçinin 2019-cu ildən bəri könüllü təşkilatlar və universitetlərarası təşkil edilən intellektual oyunlarda dərəcələrə layiq görülüb: “2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvarına qədər ölkəmizin gəncləri tərəfindən başladılmış “informasiya müharibəsində” də fəal iştirak etmişəm. Xüsusən də sosial şəbəkələr üzərindən Azərbaycan Respublikasının müharibə reallıqlarını, Qarabağ həqiqətlərini qruplarımızla birlikdə dünyaya çatdırmışıq. Birlikdə səylərimiz nəticəsində Avropanın və regionumuzun bir sıra ölkələrində bizim tərəfimizdən sosial şəbəkələrdə açılan haştaqlar müəyyən müddət “ən çox oxunanlar” siyahısına da daxil ola bilib. Son olaraq isə ilk dəfə Naxçıvanda keçirilən şahmat olimpiadasında könüllü olmuşam və xarici vətəndaşlara ölkəmizin tarixi, mədəniyyəti haqqında da ətraflı məlumat verərək onlara Naxçıvan Muxtar Respublikasını daha yaxından tanıtmağa çalışmışam”.

    Yeni Azərbaycan Partiyasının üzvü olan Əzizə Novruzova 2018-ci ildə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub və cari ildən etibarən həmin institutun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistr təhsilini davam etdirir. 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edən Əzizə, 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllüsüdür: “Bu illər ərzində Gənclər Fondunun təşkil etdiyi xalçaçılıq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı Gənclər Akademiyası” çərçivəsində piroqrafiya, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının təşkil etdiyi rəssamlıq kurslarında iştirak etmişəm”.
    Muxtar respublikada təşkil edilən intellektual oyunların iştirakçısı olan Əzizə Novruzova, eyni zamanda 2014-2015-ci illərdə Respublika Gənc Turistlər və Diyarşünaslıq dərnəyinə də üzv olub: “2022-ci ildə “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında, “Enactus” Azərbaycan sosial sahibkarlıq layihəsində iştirak etmişəm. Bununla yanaşı, Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr edilən sərgidə və təhsildə kurikulum islahatları ənənəvi respublika elmi konfransında məruzə ilə çıxış etmişəm. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaşa və öyrən” bilik yarışında qalib adını qazanmışam. Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyətində uğurlu iştirakıma görə ikinci və üçüncü yerlərə,  muxtar respublikanın 95 illiyinə həsr olunan “Muxtariyyət – 95” bilik yarışında isə üçüncü yerə layiq görülmüşəm”.

    Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə təhsil alan Məhəmməd Hüseynli könüllü fəaliyyətinə 2019-cu ildə Bakı şəhərində başlayıb: “İlk olaraq Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində könüllü olmuşam. Bu könüllü fəaliyyətim ərzində mərkəzdə görülən işlərlə yaxından tanış olub öyrənmişəm və vətəndaşlara  ərizələrin yazılması, növbə verilməsi, şəxsiyyət vəsiqəsinin verilməsi və sair kimi işlərdə köməklik göstərmişəm. Bununla yanaşı, bu vaxt ərzində hərbi layihə olan “Hərbiyyə 101” layihəsində iştirak etdim və Beyləqan şəhərində əsgərlərlə birgə 5 gün qaldıq, orada komandalar arasında yarışlar təşkil etdik. Aprel döyüşləri zamanı işğaldan azad olunmuş Cocuq Mərcanlı və Lələtəpədə olduq. Layihənin sonunda “Cəbrayıl” komandası ilə üçüncü yerə layiq görüldük. Növbəti könüllü fəaliyyətim isə “Könüllü gömrükçü” olub. Dörd ay müddətində Bakı Baş Gömrük İdarəsində iş prosesini öyrəndim”.
    2021-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən  “Marş irəli” hərbi layihəsində də iştirak etdim . Müxtəlif yarışlar keçirdik və sonda Murov komandası olaraq ikinci yerə layiq görüldük. Bir ildən artıq olar ki,  Gənclər və İdman Nazirliyində könüllüyəm. 2022-ci ilin əvvəlində Ağbulaqda “Qış məktəbi” layihəsində, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Tovuz şəhərində keçirilən “Gənclər davamlı inkişaf üçün” layihəsində nazirliyin könüllüsü olaraq iştirak etdim. Burada 23 regiondan olan gənclərlə birgə bizə 10 gün ərzində təlimçi olmaq, təlim zamanı gənclər arasında aktivliyi necə yaratmaq ilə bağlı geniş və ətraflı təlimlər keçirildi. Mən də bu təlim haqqında yay ayında Naxçıvanda Ağbulaqda keçirilən “Yay məktəbi”ndə iştirak edərək digər könüllü və gənc yoldaşlarımla bölüşdüm, onlara ətraflı məlumat verdim. Avqust ayında Şərur rayonunda keçirilən “Tarixə ekskursiya” layihəsi çərçivəsində gənclər arasında keçirilən intellektual oyunda “Qartal” komandası olaraq qalib adını qazandıq. Son olaraq isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Region gənclərinin bacarıqlarının artırılması” layihəsinin iştirakçısı oldum və yeni məlumatlar öyrəndim. Bizə göstərilən bu diqqətə görə Gənclər və İdman Nazirliyinə gənclər adından təşəkkür edirəm”.
    Göründüyü kimi, ölkəmizdə gənclərin üzləşdiyi sosial problemlərin aradan qaldırılması, onlara gələcək uğurlar üçün stimul verilməsi, həmçinin ölkədə yeni-yeni layihələrin yaradılması istiqamətində prioritetlər müəyyənləşdirilib. Gənclərə göstərilən dövlət qayğısı onlarda vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verib. Ümumiyyətlə, Azərbaycanda gənclər siyasəti düzgün istiqamətdə qurulub. Əldə edilən uğurlu nəticələr də  bunu bir daha təsdiqləyir. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 29.12.2022 20:52