AZ EN RU

Gələcək nəsillərə örnək ideyalar

Bu il böyük bir şəxsiyyətin, azərbaycanlıların Ümummilli Liderinə çevrilmiş dahi insanın – Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. 2023-cü il bütövlükdə Ulu Öndərin adı ilə bağlıdır. Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü Sərəncamda çox yığcam, amma dolğun ifadə edilib: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”. 
    Sərəncamda qeyd edilənlər Onun ölkəmizə bəxş etdiklərinin cüzi hissəsidir. Bu da o deməkdir ki, xalqın bütöv bir ili öz liderinin adı ilə bağlayıb, ona həsr etməyi səbəbsiz deyil. Bir də Onun xalqına həsr etdiyi ömrün yanında bu bir il nədir ki...
    Ulu Öndər Heydər Əliyevin həyatı, bütün fəaliyyəti bir hədəfə yönəlib – millətinin adını, nüfuzunu yüksəltməyə, dövlətin qüdrətini artırmağa. Ona görə də Ümummilli Liderimizin ölkəmizə rəhbərlik etdiyi illərdə hər sahədə artan rəqəmlər, davam edən inkişaf müşahidə olunub. Görkəmli dövlət xadimi yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Ulu Öndərin rəhbərliyi Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı.
    Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və Azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görüb. Görkəmli dövlət xadimi mövcud imkanlardan bacarıqla istifadə edərək deyirdi ki, həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır.
    “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”,  – deyən təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli Lider öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
    Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşdi. Bütün varlığı ilə Vətəninə bağlı olan ən böyük azərbaycanlı Heydər Əliyevin rəhbərliyi ilə elm və təhsil sahəsində köklü dəyişikliklər, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.
    Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident cənab İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib. Aparılan islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bu da “Təhsil millətin gələcəyidir”, – deyən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun möhtəşəm uğurudur.
    Ulu Öndər “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən, ilk növbədə, xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır.
    İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Naxçıvanda da dövlət başçısının qayğısı ilə inşa edilən yeni, müasir məktəblər, təhsil kompleksləri, ali təhsil ocaqları tələbə və şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Elmi-tarixi inkişafın bütün mərhələlərində olduğu kimi, muxtar respublikamızın müasir dövrdə də öz uğurları ilə seçilən təhsil şəraiti dinamik inkişaf yolundadır. 
    Ümummilli Lider qazandığı hər bir uğuru şərtləndirən faktor kimi yeganə dayaq nöqtəsi olaraq doğma xalqını görürdü. Buna görədir ki, dünyanın ən nüfuzlu siyasət adamları cərgəsinə qatılan, xalqının böyük sevgi ilə Ümummilli Lider adlandırdığı böyük şəxsiyyət qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq – Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır. 

Turan MƏMMƏDLİ
Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 08.12.2023 21:44