AZ EN RU

Gələcək nəsillərə örnək ideyalar

Bu günlərdə böyük bir şəxsiyyətin, azərbaycanlıların Ümummilli Liderinə çevrilmiş dahi insanın – Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. 2023-cü il bütövlükdə Ulu Öndərin adı ilə bağlıdır. Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü Sərəncamda çox yığcam, amma dolğun ifadə edilib: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

Sərəncamda qeyd edilənlər Onun ölkəmizə bəxş etdiklərinin cüzi hissəsidir. Bu da o deməkdir ki, xalqın bütöv bir ili öz liderinin adı ilə bağlayıb, ona həsr etməyi səbəbsiz deyil. Bir də ki, Onun xalqına həsr etdiyi ömrün yanında bu bir il nədir ki...

Ulu Öndər Heydər Əliyevin həyatı, bütün fəaliyyəti bir hədəfə yönəlib – millətinin adını, nüfuzunu yüksəltməyə, dövlətin qüdrətini artırmağa. Ona görə də Ümummilli Liderimizin ölkəmizə rəhbərlik etdiyi illərdə hər sahədə artan rəqəmlər, davam edən inkişaf müşahidə olunub. Görkəmli dövlət xadimi yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Ulu öndərin rəhbərliyi Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrdə görünməmiş uğurlar qazanıldı.

Hələ Azərbaycana birinci rəhbərliyi dövründə – ötən əsrin 70-80-ci illərində Ümummilli Liderin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdı. Ulu Öndər yaxşı bilirdi ki, yüksək­ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə Ulu Öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır. O illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün dahi şəxsiyyət hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.

Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və Azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görüb. Görkəmli dövlət xadimi mövcud imkanlardan bacarıqla istifadə edərək deyirdi ki, həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır.

 “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli Lider öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Ulu Öndərin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşdi. Bütün varlığı ilə Vətəninə bağlı olan ən böyük Azərbaycanlı Heydər Əliyevin rəhbərliyi ilə elm və təhsil sahəsində köklü dəyişikliklər, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini,  dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.

Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident cənab İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib. Qəbul оlunmuş “Təhsil haqqında” Qanun və оna uyğun aparılan islahatlar, bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bu da “Təhsil millətin gələcəyidir”, – deyən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun möhtəşəm uğurudur.

Ulu Öndər “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən, ilk növbədə, xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi. Sevindirici haldır ki, bu inam Prezident cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə Ulu Öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.

İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Naxçıvanda da dövlət başçısının  qayğısı ilə inşa edilən yeni, müasir məktəblər, təhsil kompleksləri, ali təhsil ocaqları tələbə və şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Elmi-tarixi inkişafın bütün mərhələlərində olduğu kimi, muxtar respublikamızın müasir dövrdə də öz uğurları ilə seçilən təhsil şəraiti dinamik inkişaf yolundadır. Böyük fəxrlə deyə bilərik ki,  doğma diyarımızda elm-təhsil sahəsində qazanılan uğurlar ölkəmizin ən qabaqcıl, prestijli və bir-birindən zəngin yenilikçi ideyaların ünvanı olan Naxçıvan Dövlət Universitetində də mövcuddur. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər” kimi yüksək fikirləri bir daha dediklərimizi təsdiq edir.

Qazanılan uğurlarla uzun illər ali təhsil ocağında pedaqoji fəaliyyət göstərən professor-müəllim kollektivinin gözü ilə daha müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması əcnəbilərin də bu ali təhsil ocağını seçməsində başlıca amildir. Son illərdə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım dinamikasının müşahidə olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir. Belə ki, qürur hissi ilə qeyd edirik ki, Naxçıvan Dövlət Universiteti beynəlxalq reytinqlərdə də irəliləməyə davam edir. Doğma ali təhsil ocağımız dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2023-cü il iyul ayının nəticələrinə görə Azərbaycan universitetləri arasında 3-cü olub.  Qeyd edək ki, bəhs etdiyimiz reytinq dünya üzrə 13.900 universitet və kolleci əhatə edir.

Ali təhsil ocağının digər bir uğuru isə WEBOMETRICS-də ölkə üzrə 15-ci, regionumuzda isə liderliyi qazanması  olub. Dünyanın 30 mindən çox universitetinin reytinqini hazırlayan webometrics-də (webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən ötən il 16-cı yerdə olan  universitet bu il irəliləyərək ölkə üzrə 15-ci yeri qazanıb.

Ali təhsil ocağına müəyyən vaxtlarda səfər etmiş diplomatik səfir və nümayəndələr ilə akademik və rəsmi səviyyədə görüşlər keçirilmiş, həmin ölkələrin ali təhsil müəssisələri ilə də beynəlxalq əlaqələrin qurulması sahəsində bir sıra addımlar atılmışdır. Universitetin beynəlxalq əlaqə müstəvisində əldə etdiyi uğurlar özlüyündə tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Naxçıvan Dövlət Universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində dahi Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsinin mühüm nəticələrindən biridir.

Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasətini bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uğurla davam etdirir. Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirir. İnteqrasiyalı təhsil, inklüziv təhsil sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti ən yaxşı nümunə və örnəkdir.

          Ümummilli Lider qazandığı hər bir uğuru şərtləndirən faktor kimi yeganə dayaq nöqtəsi olaraq doğma xalqını görürdü. Buna görədir ki, dünyanın ən nüfuzlu siyasət adamları cərgəsinə qatılan, xalqının böyük sevgi ilə Ümummilli  Lider adlandırdığı böyük şəxsiyyət qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.

Turan MƏMMƏDLİ

Naxçıvan Dövlət Universitetinin müəllimi,biologiya üzrə fəlsəfə doktoru,

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 08.11.2023 16:59