AZ EN RU

Gələcək cəmiyyətimizin təminatı bugünkü gənclərdir

    Muxtar respublikamızda təhsil sahəsi hərtərəfli qayğı ilə əhatə olunub. Bunun ifadəsidir ki, gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir.

    Bu gün göstərilən diqqət və qayğıdan bəhrələnən Şahbuz rayonunda müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bütün məktəblərdə kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılıb, müasir kompüter dəstləri və texniki avadanlıqlar quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Bunun nəticəsidir ki, rayon üzrə 23 ümumtəhsil məktəbini bitirmiş 123 məzunun 108-i ali, 13-ü isə orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirаk edib. Buraxılış imtahanının nəticəsinə görə 300 ballıq sistem üzrə 11 nəfər 200- dən yuxarı, 3 nəfər isə 250-dən yuxarı bal toplayıb. 1 məzun 289 bal toplayaraq muxtar respublika ikincisi olub. 2021-2022-ci tədris ilində 11-ci sinfi bitirmiş məzunlardan 1-i “Qızıl” nişana, 2-si fərqlənmə attestatına, 9-cu sinfi bitirmiş məzunlardan isə 4-ü fərqlənmə şəhadətnaməsinə layiq görülüb.              1 nəfər 11-ci sinif şagirdi coğrafiya fənnindən respublika fənn olimpiadasında iştirak edərək III yerin qalibi olub.
    Şahbuz şəhər 1 nömrəli tam orta məktəb rayonda özünəməxsus təhsil ənənələri olan tədris müəssisələrindən biridir. Məktəbin onlarla məzunu ölkəmizdə elmi potensialları ilə seçilən qabaqcıl ziyalılardandır. Hər tədris ilində uğuru, ali məktəblərə qəbulu ilə seçilən məktəbin builki nəticələri də ürəkaçandır.

    Məktəbin yetirmələrindən olan Yusif Kazımlı ali məktəblərə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərib. O, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 664 bal toplayıb. Yusif qəbul imtahanında qazandığı uğurun sevincini bizimlə bölüşərək qeyd etdi ki, dövrlə ayaqlaşmaq, müasir texnologiyalardan baş çıxarmaq zəruridir. Əks halda, perspektivli gələcək qurmaq, tutduğun yolda uğur qazanmaq mümkünsüz olar. Elə qəbul imtahanlarına hazırlaşan zaman məqsədim və gələcək planlarım da bununla bağlı olub. Uşaqlıqdan Kompüter elmləri ixtisasına yiyələnmək ən böyük arzularımdan biri idi. Bu yolda gecə-gündüz çalışaraq sevdiyim ixtisas üzrə təhsilimi davam etdirməyi qarşıma məqsəd qoydum və nəticədə, tələbə adını qazandım. Bu nailiyyətim üçün özümü xoşbəxt hiss edirəm. Nailiyyətlərimin təməlində isə, heç şübhəsiz, təhsilə göstərilən dövlət qayğısı və müəllimlərimin öz işlərinin öhdəsindən layiqincə gəlmələri dayanır.

    Badamlı qəsəbə tam orta məktəbinin məzunu Elmira İsmayılova IV ixtisas qrupu üzrə 608 bal toplayıb. O deyir ki, hələ ibtidai sinifdən dəqiq elmlərə maraq göstərib. Qazandığı böyük uğur üçün müəllimlərinə borclu olduğunu bildirən Elmira onu da qeyd etdi ki, kiçik yaşlarından valideynləri onu gələcəkdə həkim kimi görmək istəyirdilər, yuxarı siniflərdə oxuyarkən muxtar respublikamızda fəaliyyət göstərən müasir səhiyyə ocaqlarında olub, orada çalışan tibbi personalı görüb və bu sahəyə marağı daha da çoxalıb. Beləcə, həkimlik peşəsini həyat amalına çevirməyi qarşısına məqsəd qoyub: – Uğur qazanmaq üçün ailəmin, müəllimlərimin dəstəyi böyük olub. Onlardan aldığım dəstək sayəsində səylə çalışdım və ürəkaçan nəticəni qazandım. Düşünürəm ki, istənilən sahədə nailiyyət əldə etmənin yeganə yolu əzmlə çalışaraq elmin incəliklərini öyrənib düzgün tətbiq etməyi bacarmaqdır. Fürsətdən istifadə edib bütün abituriyentlərə ixtisas seçimində uğurlar arzulayıram.

    Badamlı qəsəbə tam orta məktəbinin digər şagirdi isə Hüseyn Babayev II ixtisas qrupu üzrə 546 bal toplayaraq müəllim və valideynlərini sevindirib. Bu barədə fikirləri maraqlıdır:
    – Tələbə adını qazanmaq, gələcəkdə xalqın və dövlətin üçün layiqli vətəndaş kimi yetişmək istəyirsənsə, təbii ki, çox oxuyub, çox öyrənməlisən. Böyük şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı da hər birimizə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır. Ali məktəbə qəbul hər bir şagirddən yüksək bilik, intellektual səviyyə tələb edir. Yaradılan şəraitdən düzgün və səmərəli istifadə edən hər kəs buna nail ola bilər. Mən də məktəbimizdə yaradılan hərtərəfli şəraitdən istifadə edərək oxuyub, öyrəndim. Test-sınaq imtahanlarında biliyimi sınadıqca güclü və zəif tərəflərimi gördüm. Topladığım ballardan hər dəfə bir nəticə çıxardım. Və bu gün zəhmətimin bəhrəsini gördüm, tələbə adını qazandığım üçün sevinirəm.
    Söhbət zamanı Hüseyn onu da vurğuladı ki, Azərbaycanın gələcəyi biz gənclərə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməliyik.

    Nurcan Məmmədli  Mahmudoba kənd tam orta məktəbinin yetirməsidir. Ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupu üzrə 536 bal toplayıb. Qəbul imtahanlarında yüksək bal toplayan Nurcanın da fikirləri maraqlıdır: – Bitirdiyim təhsil ocağındakı fənn kabinələri, işıqlı dərs otaqları, zəngin kitabxana hər bir şagirdin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açır. Belə yüksək şəraitdən müəllimlərimiz və şagirdlərimiz səmərəli istifadə edirlər. Şagird olduğum illər ərzində üzərimdə hər zaman qayğı, bilik sahibi olmağım üçün diqqət hiss etmişəm. Belə yüksək diqqət və qayğının əvəzində çox çalışmalı, yaxşı oxumalı, ümidləri doğrultmalı olduğumu da vaxtında anlamışam. Qarşıma məqsəd qoymuşdum ki, mən tələbə olacağam. Yüksək bal toplayacağıma isə elə imtahanda əmin olmuşdum. Gözlədiyim kimi də oldu. Dəqiq elmlərə marağım çox olub. Ona görə də ixtisas seçimində I qrupu seçdim. Amma iş hələ bununla bitmir. Qarşıda məni daha məsuliyyətli tələbəlik illəri gözləyir. Bundan sonra da yaxşı oxuyaraq seçdiyim ixtisasa dərindən yiyələnməliyəm.

    Öz məqsədinə çatmaq üçün heç bir zaman oxumaqdan, öyrənməkdən çəkinməyən, öz çalışqanlığı ilə seçilən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin yetirməsi Emin İsmayıllı da uğur qazananlar siyahısına öz adını yazdırmağı bacarıb. O, çalışqanlığı ilə müəllimlərinin hörmətini qazanıb. Məktəbdə keçirilən hər bir test imtahanı onun üçün uğura doğru gedən yolda bir mərhələ rolunu oynayıb. Orta məktəbi yüksək nəticələrlə bitirib, qazandığı bilikləri I qrup üzrə ali məktəblərə qəbul imtahanlarında sınayıb. Nəticə ürəkaçan olub. O, bu imtahanlarda 536 bal toplayaraq yaxınlarını, ona bu yolda işıq tutan, doğru yol göstərən müəllimlərini sevindirib.
    Müsahibim deyir ki, qəbul imtahanlarında yüksək nəticə göstərməyi qarşıma məqsəd qoyub, çox çalışmışam. İnanırdım ki, yüksək bal toplayacağam. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Onlara minnətdarlığımı bildirirəm. Artıq tələbəyəm və təhsilimi Naxçıvan Dövlət Universitetində davam etdirəcəyimi qərarlaşdırmışam. Universitetlər haqqında məlumat toplayarkən mənə aydın oldu ki, ölkəmizin ali təhsil müəssisələri içərisində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutur. Ona görə də seçimim Naxçıvan Dövlət Universiteti olacaq. Gələcəkdə seçəcəyim ixtisas üzrə təhsil alıb, peşə borcumu layiqincə yerinə yetirəcəyəm.
    Gələcək cəmiyyətimiz bugünkü gənclərlə bağlıdır. Gəncliyin isə formalaşdığı ilk ünvan məktəbdir. Dövlətimizin qayğısı ilə ən müasir avadanlıqlarla təchiz olunan məktəblərimiz isə gənc­lərin həm tədrisdə, həm də təlim və tərbiyədə uğurlar qazanmasına imkan verib. Tələbə adına layiq görülənlər məhz buna görə də, ilk növbədə, dövlətimizə minnətdardırlar. 

Pərviz HACILI

Nəşr edilib : 18.08.2022 18:03