AZ EN RU

Füzulinin işğaldan azad olunması Zəfər yürüşümüzün başlanğıc səhifəsidir

    Oktyabrın 17-də xalqımız Füzulinin işğaldan azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edəcək. 1993-cü il avqustun 23-də işğal edilmiş rayon Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən düşmən tapdağından azad edilmişdir. 
    Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. 
    Xatırladaq ki, hələ 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda aparılan qanlı döyüşlər nəticəsində rayonun 1382 kvadratkilometr ərazisinin 600 kvadratkilometri, yəni 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edilmişdir. 1996-cı ildən etibarən həmin ərazilərdə infrastrukturun bərpasına başlanılmışdır. Horadiz qəsəbəsinə şəhər statusu verilmiş, işğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa edilmişdir. Ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə Füzuli rayonuna səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar imzalamışdır. Bu dövrdə aparılan geniş tikinti-quruculuq və bərpa işləri nəticəsində Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilmişdir. 
    Vətən müharibəsində Füzuli rayonunun mərkəzi də daxil olmaqla, 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Müzəffər Azərbaycan Ordusunun bu qələbəsindən sonra məlum oldu ki, azğın düşmənin illərdir, əlində saxladığı bu yaşayış məntəqələrində bütün infrastruktur dağıdılaraq tamamilə məhv edilmişdir. Hətta ölkə başçısı cənab İlham Əliyevin “Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün bir dənə salamat bina tapa bilmirdilər” sözləri törədilmiş dağıntıların miqyasını daha aydın təsəvvür etməyə imkan verir. Sadə məntiq də sübut edir ki, işğal altında olan bütün rayonlarımızda yaşayış məntəqələrinin barbarcasına dağıdılaraq yerləyeksan edilməsi heç zaman ermənilərə məxsus olmayan bu torpaqlara elə “erməni münasibətinin” ən bariz nümunəsidir.
    Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri ordumuz tərəfindən azad edilmişdir. Füzulinin azad edilməsi isə hərbçilərimizin yüksək peşəkarlığı və döyüş qabiliyyəti sayəsində mümkün olmuşdur. Çünki işğal illəri ərzində düşmən burada elə keçilməz istehkamlar qurmuşdu ki, ən peşəkar hərbi mütəxəssislər belə Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağını proqnozlaşdırırdılar. 
    Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı birləşmələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. Ancaq Azərbaycan Ordusunun irəliləməsi ilə əməliyyat ərazilərinin yüksək dağlıq ərazilərlə əvəz olunması və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə istehkam xətti qurması Füzuli şəhərinin azad edilməsini gecikdirirdi. Elə döyüşlər gedən zaman bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. Azərbaycan xalqına müraciətində Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi, təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik”. 
    Füzuli istiqamətində gedən döyüşlərin unikallığına xüsusi diqqət çəkən dövlət başçısı demişdir: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da... Bu gün məndə olan məlumatlara görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan böyük bir ordudur. Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq. Həmrəylik göstərərək, qarşılıqlı dəstək göstərərək, birlik göstərərək bu şanlı tarixi bu gün biz yazırıq. Biz xoşbəxtik ki, biz bu anları yaşayırıq”.
    Beləliklə, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə mümkünsüzü mümkün etdi və Şuşaya gedən yolun önünü açdı. Bu əməliyyat, eyni zamanda düşmənin döyüş ruhunu inanılmaz dərəcədə aşağı saldı. Əsgər və zabitlərimizin peşəkarlığı,  mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25 mindən çox hərbi qulluqçumuz həmin medalla təltif olundu. Onlar içərisində Əlahiddə Ümumqoşun Ordunun zabit və əsgər heyətindən olanlar da az deyil.  
    Füzuli işğaldan azad olunandan qısa müddət sonra burada möhtəşəm tikinti-quruculuq işlərinə başlanıldı. Cəmi bir il ərzində Füzulidə yeni hava limanı tikildi və 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı oldu. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri birgə iştirak etdilər. Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücü ilə bərabər, siyasi iradə və qətiyyətini də bütün dünyaya göstərdi. Füzulidə həyata keçirilən tikinti-quruculuq tədbirlərinə toxunan dövlət başçısı demişdir:  “… birinci infrastruktur layihələri də məhz Füzulidə başlanıb. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də, dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”.
    Vətən müharibəsindən sonra Füzuli rayonunda yol-nəqliyyat, enerji infrastrukturu, meliorasiya və digər sahələrdə yenidənqurma işlərinə başlanıldı. Ötən dövrdə inşasına start verilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları kimi layihələr rayonun yol-nəqliyyat infrastrukturunda mühüm layihələrdir. Bundan əlavə, bu il mayın 10-da ölkə başçısı tərəfindən 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. 
    Bu il sentyabrın 27-də Füzuli rayonuna növbəti dəfə səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun Qaraxanbəyli kəndinə gedərək burada şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önündə demişdir: 
    “Şəhidlərimizin şərəfinə bu abidə – bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir... İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır”.
    Bəli, Füzulinin işğaldan azad olunması Zəfər yürüşümüzün başlanğıc səhifəsidir və bu səhifənin yazılmasında izi olanları minnətdarlıqla anır, bu günü qürurla qeyd edirik!

Səbuhi HƏSƏNOV
 

Nəşr edilib : 16.10.2022 23:50