AZ EN RU

Füzulinin Cuvarlı kəndi tarixi ənənələri qorunmaqla müasir üslubda tikiləcək

Füzuli rayonunun Cuvarlı kəndi tarixi ənənələri qorunmaqla müasir üslubda inşa ediləcək. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulub.

Bunu açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.

Onun sözlərinə görə, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kəndə 129 ailənin - 508 nəfərin köçürülməsi planlaşdırılır.

Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi nəzərdə tutulur.

Nəşr edilib : 18.10.2023 14:30