AZ EN RU

Füzuli şəhəri günü qeyd edilib.

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Füzuli şəhəri günü qeyd edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib. 

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək qeyd etmişdir ki, Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 8 avqust 1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun  adı dəyişdirilərək Füzuli rayonu olmuşdur. Tarixi 1827-ci ildən hesablansada Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir. Sonra Füzulinin sərhədləri, abidələri haqqında məlumat verilmiş, təhsil, səhiyyə və mədəniyyət müəssisələrindən danışılmışdır. Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənilər tərəfindən işğal olunmuşdur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra aparılan uğurlu siyasət və hərbi əməliyyatlar nəticəsində 1994-cü ildə rayonun 82 yaşayış məntəqəsindən 23-ü azad edilmişdir. Ümummilli Lider öz çıxışlarında qeyd etmişdir ki, "Biz sülhsevər xalqıq, biz bütün xalqlarla, xüsusən də həmsərhəd qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik, bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarışda olsun torpaqlarımızı güzəştə gedə bilmərik". Bəli  bu gün Ümummilli Liderin arzusu  gerçəkləşib. 44 günlük vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən şəxslər Füzulinin azad edilməsi medalı ilə təltif olunmuşlar. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev bir neçə dəfə Füzuli rayonuna səfər etmiş, irimiqyaslı layihələr hazırlanaraq icra olunması üçün tapşırıqlar vermiş, qısa müddət ərzində yaşayış binalarının, Füzuli Beynəlxalq Hava Limanının, məktəb binalarının və avtomobil yollarının salınması başa çatdırılmışdır. 

Tədbirdə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Babək şəhər 1 nömrəli tam orta məktəbin direktoru Əli Hacıyevin mövzu ətrafında məruzələri dinlənilmişdir.

Tədbirin sonunda film nümayiş olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.10.2023 21:14