AZ EN RU

Futzal turnirində yarımfinalçılar bəlli olub

    Muxtar respublikada fəaliyyət göstərən nazirliklər arasında “Heydər Əliyev kuboku” uğrunda futzal turnirində bu həftənin cümə və şənbə günləri keçirilən görüşlərlə qrup mərhələsinə yekun vurulub.
    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi-İqtisadiyyat Nazirliyi oyununda birinci tərəf 8:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə Fövqəladə Hallar Nazirliyi təmsilçiləri yarımfinala adlayıblar. Növbəti görüşdə Maliyyə Nazirliyinin komandası üzərində 5:0-lıq qalibiyyət əldə edən Fövqəladə Hallar Nazirliyi “B” qrupunu lider kimi tamamlayıb. Səhiyyə Nazirliyinin komandasına növbəti oyunlarda iştirak etmədiyinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib. Buna əsasən Mədəniyyət və İqtisadiyyat nazirliklərinin göstəricilərinə 3 xal da əlavə olunub.
    Qrup mərhələsindəki nəticələrdən sonra 4 komanda növbəti mərhələyə çıxıb. Turnirin reqlamentinə əsasən yarımfinal mərhələsində Gənclər və İdman Nazirliyi-Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi-Rabitə və Yeni Texnologiyalar Nazirliyi matçları keçiriləcək.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb. Kollektivlər iki qrupda mübarizə aparıb. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda “play-off”a adlayıb.

Nəşr edilib : 23.06.2023 19:24