AZ EN RU

“Fuad Nəcəfliyə kömək etməyə borcluyuq” - Naxçıvanın deputatı

Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması müsbət hadisədir”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Naxçıvandan seçilən deputatı Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev həmişə Naxçıvana xüsusi diqqət göstərib:

“Azərbaycandan Naxçıvana müəyyən işlərin görülməsi üçün subsidiyalar ayrılıb, digər işlər görülüb. Ümumilikdə deyərdim ki, Ulu Öndər Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev yüksək şəkildə davam etdirir. Bu baxımdan deyə bilərəm ki, Naxçıvana səlahiyyətli nümayəndənin təyin olunması Prezidentin Muxtar Respublikaya diqqət və qayğısının təzahürüdür”.

Deputat hesab edir ki, Naxçıvan üzrə səlahiyyətli nümayəndənin fəaliyyəti müsbət nəticələr verəcək:

“Ötən gün cənab Prezident Naxçıvana yeni təyin etdiyi səlahiyyətli nümayəndəni qəbul etdi və onun qarşısında bir sıra ciddi tapşırıqlar qoydu. Qazlaşmanın 100 faiz təmin edilməsi, enerji  təsisatı, müasir  yolların inşası ilə bağlı bir çox tapşırıqlar verildi. Prezidentin tapşırığına əsasən, Fuad Nəcəfli səlahiyyətli nümayəndə kimi əhalinin qayğısına qalacaq, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacaq. Səlahiyyətli nümayəndə təyin olunan Fuad Nəcəfli gənc kadrdır. O, həm də naxçıvanlıdır, böyük təcrübəyə malikdir. İnanıram ki, Fuad Nəcəfli Naxçıvanda bütün işlərin ən yüksək səviyyədə icrasına nail olacaq”.

Eldar İbrahimov onu da vurğulayıb ki, Naxçıvandan olan deputatlar Fuad Nəcəfliyə işində kömək etməyə borcludur:

“Cənab Prezidentin təyin etdiyi Fuad Nəcəfliyə kömək etməliyik. Bu, həm mənim, həm də Milli Məclisin digər Naxçıvandan seçilən deputalarının borcudur. Prezidentin sərəncamını dəstəkləyirəm. Çünki Prezidentimiz hər şeyi ən yaxşı şəkildə bilir. Yeni kadr, yeni nəfəs lazım idi. Naxçıvanlılar da belə bir yenilikdən məmnundular. Hesab edirəm ki, bu addım yerində atılıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Nəşr edilib : 23.12.2022 14:31