AZ EN RU

Fuad Nəcəfli Çinin Çunçin şəhərinin rəsmi nümayəndə heyətini qəbul edib

Avqustun 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Səlahiyyətli nümayəndə qonaqları bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin doğma vətəni Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib. Vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycanda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

2022-ci ilin dekabrından Naxçıvanda fəaliyyətə başlayan yeni idarəetmə institutu, Səlahiyyətli Nümayəndəliyin fəaliyyəti barədə məlumat verən Fuad Nəcəfli bildirib ki, ötən dövrdə Naxçıvandakı mövcud vəziyyət araşdırılıb və ölkə prezidentinin sərəncamı ilə 5 illik sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib. Proqramda kənd təsərrüfatı, energetika, yol infrastrukturu, xüsusi iqtisadi rejimə keçid kimi 11 prioritet istiqamət üzrə layihələr reallaşdırılacaq. Naxçıvan Muxtar Respublikasının ümumilikdə yaşıl enerji məkanına çevrilməsi ölkə Prezidentinin diqqətindədir. Bunun üçün Naxçıvanda 1500 meqavat gücündə yaşıl enerji potensialı mövcuddur.  

Vurğulanıb ki, bu layihələrin reallaşdırılmasında Azərbaycanla Çin Xalq Respublikası arasındakı əlaqələr də önəm kəsb edir. Çin investorları Azərbaycana böyük maraq göstərirlər. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən şirkətlər Çin şirkətləri ilə geniş əməkdaşlıq edirlər.  

Görüşdə 2021-ci ildə Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan ən strateji bölgələrindən olan Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikasının ən iri sənaye bölgəsi olan Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Memorandumun imzalanması əlamətdar hadisə kimi qiymətləndirilib, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi perspektivləri müzakirə edilib. 

Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov da iştirak edib.

Nəşr edilib : 10.08.2023 13:08