AZ EN RU

Fuad Muradov Moldovada bir sıra rəsmi görüşlər keçirib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kişineuya səfər zamanı Moldovada bir sıra rəsmi görüşlər keçirib.

Rəsmi görüşlərdən öncə F.Muradov Azərbaycanın Moldovadakı səfirliyinin qarşısına gəlib, burada Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad edib.

Sonra Dövlət Komitəsinin sədri Moldova xarici işlər nazirinin müavini Sergiu Mihovla görüşüb. Müzakirələrdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı aspektlər, xüsusilə təhsil, mədəniyyətlərarası əməkdaşlıq kimi sahələrə diqqət yetirilib. Görüş zamanı regional təhlükəsizlik vəziyyəti qarşılıqlı faydalı, çoxtərəfli əməkdaşlığın aspektləri ilə bağlı mövzular müzakirə edilib.

Sergiu Mihov 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının nümayəndə heyətinə təbriklərini çatdırıb. Eyni zamanda, Moldova rəsmisi Azərbaycan icmasının və Moldova Azərbaycanlıları Konqresinin mədəni dəyərlərin və kimliyin Moldovada təbliğində mühüm töhfəsini, eləcə də bir sıra təhsil və mədəniyyət təşəbbüslərini dəstəklədiyini yüksək qiymətləndirib.

Komitə sədri öz növbəsində Azərbaycan və Moldova arasında münasibətlərin perspektivləri, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycan icmasının Moldova cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb. O, eyni zamanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor siyasəti haqqında nazir müavinini məlumatlandırıb.

F.Muradov, həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni quruculuq işləri barədə Moldova tərəfinə geniş məlumat verib.

Komitə sədrinin növbəti görüşü Moldova Parlamentinin sədrinin müavini xanım Doina Gherman ilə olub. Görüşə görə minnətdarlığını bildirən Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini söyləyib.

Xanım Doina Gherman bildirib ki, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq yüksək səviyyədədir və bu münasibətlərin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Qeyd edib ki, Azərbaycan və Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanları mövcuddur.

Görüşdə müxtəlif istiqamətlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

F.Muradovun daha bir görüşü Moldovanın Etnoslarla Münasibətlər Agentliyinin rəhbəri Vyaçeslav Ryabçinskiy ilə olub.

Görüşdə birgə əməkdaşlığa dair razılıq əldə edilib. Agentliyin rəhbərliyi Azərbaycana dəvət edilib və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev də iştirak edib.

Nəşr edilib : 29.05.2024 14:32