AZ EN RU

“Freedom House” özü azad olmayıb azadlıqdan dəm vurur

    Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm tarixi ədaləti, həm də beynəlxalq hüququ təmin etdi. BMT-nin kağız üzərində illərlə qalan qətnamələrini icra etdi. 
    Təəssüflər olsun ki, bu uğurlar, tarixi ədalət, cənab Prezidentin dünyada artan nüfuzu bir çox dövlətləri və onların təsiri ilə bəzi qurumları ciddi narahat edir. Elə bu yaxınlarda “Freedom House” da 2023-cü il üzrə hesabatlarının ilkin variantlarını ictimailəşdirməyə başlayıb. “Qlobal demokratiya və azadlıqlar indeksi”, “İnternet azadlığı indeksi” və digər bu kimi hesabatlar artıq təşkilatın veb-səhifəsində yerləşdirilib. Ayrı-ayrı ölkələrin “azad”, “yarım azad” və “qeyri-azad” kateqoriyalar üzrə təsnifatlaşdırıldığı bu hesabatlar hər il olduğu kimi, bu dəfə də ciddi narazılıq yaradıb. Əslində, hər il olduğu kimi, bu il də yayımlanan məlumatlar, təşkilatın apardığı “tədqiqatlar”, hazırladığı “təhlillər” elmi fakta deyil, siyasi motivlərə köklənib. 
    2023-cü ildə “Freedom House” tərəfindən hazırlanmış “İnternet azadlığı indeksi”ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. Maraqlı məqam isə odur ki, ABŞ-ın maraqları ilə razılaşmayan dövlətlərin hamısı “qeyri-azad ölkə” indeksi üzrə qiymətləndirilib. 
    Hesabatın hazırlanmasında ABŞ-ın təsiri həm də özünü son illər Azərbaycan və Türkiyə liderlərinin apardığı uğurlu siyasətdən, Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsində əldə olunan uğurlardan qorxuya düşməsində və həmin ölkələri də qarayaxma kampaniyasına qatmasında görünür.
    Əslində, keçmişə nəzər salsaq, görərik ki, bu təşkilat Azərbaycanın öz müstəqilliyini elan etməsindən başlayaraq bu günə qədər heç vaxt ölkəmiz barədə obyektiv rəy verməyib. ABŞ necə ki, qərəzli mövqe nümayiş etdirib, “Freedom House” da bu illər ərzində hazırladığı hesabatlarda qərəzli olub.  ABŞ-ın siyasi mərkəzləri ilə eyni amala xidmət etdiyini göstərib. Əslində, bu faktlar qurumun özünün azad olmadığının göstəricisidir. 
    Qısası, beynəlxalq təşkilatın özü obyektiv olmalı, dürüst hesabatlar hazırlamalı, beynəlxalq hüquqa hörmət etməli, insan haqları, azadlıqlar uğrunda çalışmalıdır. Lakin gördüyümüz kimi, “Freedom House” özü azad və müstəqil deyil. Ona görə də hazırladığı təxribat xarakterli hesabatlar hər il olduğu kimi, bu il də həqiqəti əks etdirmir və siyasi ambisiyalara xidmət edir. 
    Görünən reallıq ondan ibarətdir ki, bu gün dünya ölkələrinin liderləri cənab İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas verir ki, cənab İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə, bölgənin, regionun davamlı inkişafına mühüm töhfələr verir.

Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi-alim

Nəşr edilib : 18.12.2023 17:31