AZ EN RU

Fransanın məkrli fəaliyyəti Ermənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir

Bu gün Azərbaycan nəinki regionda, dünya dövlətləri içərisində öz gücü, qüdrəti və inkişafı ilə seçilir, regionun davamlı inkişafına öz töhfələrini verir. Ölkəmiz ən böyük layihələrə təşkilatçılıq və ev sahibliyi edir. 
Təəssüf ki, bu gün nailiyyətlərdən ciddi təşvişə düşən, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr bu nizamı pozmağa maraqlıdırlar. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun milli maraqlarını təmin etməsi reallığı fonunda isə Fransanın davranışı təəccüblü görünmür. Tarixi soyqırımları üzərində qurulan Fransa özünü beynəlxalq aləmə “demokratik” ölkə kimi sırımağa çalışsa da, əməlləri ilə hələ də müstəmləkəçilik ideyalarına sadiq qaldığını sübut edir. Reallıq bundan ibarətdir ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın faciəsinə səbəb olan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən erməniləri yazıq, əzilən, ac-yalavac, hüquqları pozulan millət kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilmişdir. Bu, əslində, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıtmaqdır. Makron yaxşı anlayır ki, Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və onun təsir göstərə biləcəyi dövlət deyil. Belə olan halda təcavüzkarları qızışdırmağa, Cənubi Qafqazda söz sahibi olmağa cəhd edir. Ermənistana yüz milyonlarla dollar məbləğində silah-sursat verilməklə Cənubi Qafqazı Suriyaya, Ukraynaya çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Özünü “sülh təşəbbüsçüsü” kimi göstərən Fransa prezidenti Makron regionda Ermənistanı sürətli silahlandırmaqla onu yeni müharibəyə sövq edir. Bölgəyə silah-sursat göndərən rəsmi Paris yeni münaqişələr üçün zəmin yaradır. Bununla da əsrlərlə etdiyi vəhşilikləri unutdurmağa çalışır. Onu da unudur ki, heç kim və heç nə yaddan çıxmır və unudulmur. Tarix öz sözün deyir...
XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilərdə həyata keçirdiyi talançılıq və qətlləri bütün dünyaya məlumdur. Fransanın yüz illiklər boyu dünyanın müxtəlif bölgələrində törətdiyi hərbi və insanlığa qarşı cinayətlər artıq dillər əzbəri olub. Yaxın keçmişi “qanlı ləkələr”lə zəngin olan müstəmləkəçi Fransanın Əlcəzairdə, Mərakeşdə, Ruandada və digər Afrika ölkələrində törətdiyi kütləvi soyqırımlar, amansız qırğınlar bəşəri cinayətlər kimi tanınır. Əlcəzairdə bir milyondan çox insanın soyqırımına səbəbkar olan Fransa bunu unutdurmağa çalışsa da, tarix bunu heç vaxt unutmayacaq. 1944-cü ilin noyabrında baş verən Seneqal hadisələrində fransızlar tərəfindən yüzlərlə Seneqal əsgəri güllələndi. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçirdilər. Nəticədə, 800 mindən çox insan qətlə yetirildi. 
Bu səbəbdən Fransa öz qanlı ənənəsinə sadiq qalaraq Qafqazda müharibənin bir daha baş qaldırması üçün bütün yollara, bəd əməllərə baş vurur. Elə ona görə də Fransa bu gün regionda sülh və inkişaf üçün çalışan Azərbaycanın deyil, xisləti terror, soyqırımı olan “kiçik bacı”sı Ermənistanın yanında yer alıb.
Dünyada nüfuzunu gündən-günə itirən Fransa son çarə kimi təcavüzkar Ermənistan üzərindən Cənubi Qafqaza yerləşərək buranı özünün növbəti koloniyasına çevirmək istəyir. Paris “sülhməramlı missiya” adı altında regionda qanlı müharibə ssenariləri planlaşdırır. Cənubi Qafqazda baş verən proseslərdən öz xeyrinə faydalanmaq, bu ərazini təsir dairəsinə salmaq istəyir. Bakı ilə İrəvan arasında sülhün qarşısına cidd-cəhdlə sədd çəkir. Ermənistan isə hələ də qəflət yuxusundan ayılmır. Ayılsa dərk edər ki, sürətli silahlanma gələcəkdə ona yeni-yeni problemlər, səfalət, yeni münaqişələr gətirəcək. “Kiçik bacı” Fransanın çirkin və dağıdıcı, riyakar planlarından nə qədər tez imtina etsə, ölkəsinin gələcək inkişafına, regionda sülhə yol açmış olacaq.
Bir sözlə, Qərbin, xüsusilə Fransanın yürütdüyü siyasət, məkrli fəaliyyət bu ölkənin sarsılmış imicini və Ermənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir.
Birmənalı olaraq Ermənistan dərk etməlidir ki, Azərbaycanın siyasəti Cənubi Qafqaz regionu ücün prioritet olaraq gələcək hədəfləri müəyyən edən yeganə düzgün siyasətdir. Çünki, Cənubi Qafqaz bu gün sabitlik adasına çevrilibsə, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi, müdrik siyasəti, qlobal müstəvidə artan nüfuzunun və siyasi çəkisinin nəticəsindədir. 
 

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi-alim

 

Nəşr edilib : 21.04.2024 16:23