AZ EN RU

Fransanın erməni sevdası onu getdikcə daha da simasızlaşdırır

Fransanın erməni sevdası onu getdikcə daha da simasızlaşdırır. Fransa Senatı indi də Azərbaycanı pisləyən və ermənilərin “Qarabağa qayıtmaq hüququ”nu tələb edən qətnamə qəbul etməyə hazırlaşır. Qətnamədə Azərbaycana qarşı sanksiyalar tələbinin də olacağı gözlənilir. Görünən odur ki, rəsmi Paris 30 illik planının Azərbaycan tərəfindən darmadağın olunmasını, puç edilməsini qəbul edə bilmir, belə ucuz addımlarla qisas almağa çalışır. Belə qərarların heç bir siyasi, hüquqi, iqtisadi əsası yoxdur və bunlar Fransa dövlətinə yaxşı heç nə qazandırmayacaq. Əksinə, Fransanın beynəlxalq nüfuzunu daha da aşağı salacaq. Fransa o zaman səmimi olardı ki, ermənilərin dərdini çəkdiyi kimi, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının da qayıdışı haqqında danışar, tədbir görərdi. Hər kəsə aydındır ki, Fransanın belə qərarları düşmənçiliyə, türkofob, islamofob niyyətə, uzun müddətdir tətbiq və vərdiş etdiyi neokolonizm siyasətinə söykənir.

Şərq qapısı Azərtaca istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloqun sözlərinə görə, birmənalı şəkildə qeyd etmək olar ki, Senatın səsverməyə çıxaracağı gözlənilən qətnamə beynəlxalq hüquqa ziddir, Azərbaycanın daxili işlərinə qarışmaqdır və regionda sülhün əldə olunmasına maneədir. Ermənistandan fərqli olaraq, Azərbaycan geniş iqtisadi imkanlara, çoxşaxəli kommunikasiyalara malikdir. Fransa ilə iqtisadi-ticari əlaqələrimizi daha da inkişaf etdirmək imkanımız olduğu halda, Emmanuel Makron hökumətinin yersiz, heç bir perspektivi olmayan, dövlət marağına və əxlaqına sığmayan siyasəti Fransanı bu imkanlardan məhrum edir.

“Avropa İttifaqının siyasi lokomotivi kimi tanınan Fransa indi Azərbaycanın qarşısında aciz vəziyyətə düşüb. Paris regionla bağlı vahid dövlət marağına əsaslanan siyasət həyata keçirə bilmir, sanki vurnuxur.

Əlbəttə ki, indiyədək qəbul olunmuş və qəbul olunacaq belə qətnamələrin Azərbaycan üçün heç bir hüquqi qüvvəsi, mənası yoxdur. Qətnamələr bizim beynəlxalq hüquqa, təcrübəyə əsaslanan siyasətimizə təsir etməyəcək. İkinci Qarabağ müharibəsində Qələbəmizdən sonra Fransa hökuməti beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası apararaq, bir çox beynəlxalq təşkilatlar vasitəsilə sanksiyaların qəbul edilməsinə cəhd göstərib. Lakin Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla qurulan düzgün münasibət sayəsində bütün mənfi tendensiyaların qarşısı alınıb. Artıq sübut olunub ki, Azərbaycanla güc yolu, təzyiq və şantaj vasitəsilə danışmağın perspektivi yoxdur. Dövlətimizin yürütdüyü siyasət sivil dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, hamılıqla qəbul edilən prinsiplərə əsaslanır. Həm də bilirik ki, bizi “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonizm siyasəti aparan dövlətlərdir. Ona görə ölkəmizin onların saxta ittihamlarına qarşı real addımlar atacaq, gerçəkliyi dünya ictimaiyyətinə çatdıracaq faktları və imkanları var. Belə bir atalar sözü var “evin şüşədəndirsə, qonşuya daş atmayacaqsan”. Yəni, bizə daş atanlar və ya atmaq istəyənlər bir daha özlərinə baxaraq düşünməlidirlər”, - deyə Y.Hacızadə vurğulayıb.

O əlavə edib ki, Fransanın Azərbaycan qarşısında məğlubiyyətinin qisasını Xurşidbanu Natəvanın heykəlindən alacaq qədər cılızlaşıb. Bir zamanlar hüququn, maarifçiliyin, mədəniyyətin, demokratiyanın mərkəzi, inkişaf yeri kimi tanınan və təqdim olunan Fransanın bu gün E.Makron hökumətinin səriştəsiz siyasəti nəticəsində düşdüyü vəziyyət ürək ağrıdır. Hesab edirəm ki, azərbaycanlı mədəniyyət xadimlərinin Şuşada olan heykəllərini güllələyən erməni terrorçuları ilə Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq törədən şəxslər arasında heç bir düşüncə və əxlaq fərqi yoxdur. Fransa ilə münasibətimizin pisləşməsinə görə hər hansı azərbaycanlının Aleksandr Dümanın, Viktor Hüqonun əsərlərinə və ya Fransanın Milli Qəhrəmanı Şarl de Qollun Bakıdakı barelyefinə qarşı heç bir təhqiramiz hərəkət etməz. Bu, xalqımızın əxlaqının, mədəniyyətinin, dünyagörüşünün nümayişidir.

Nəşr edilib : 18.01.2024 09:37