AZ EN RU

Fransada hüquq üzrə doktorluq müdafiə edən ilk azərbaycanlı

    Xaricdə yaşayan və öz doğma yurdunu layiqincə təmsil edən naxçıvanlılar mövzusunda söhbət düşəndə ağlıma ilk gələn o oldu. Məktəblərarası yarışlarda onun fransız dilində səlis danışmaq qabiliyyəti hamımızın marağına səbəb olurdu. Sonrakı illərdə bir çox şərurlu gənc təhsilini davam etdirmək üçün xaricə gedəndə onun da həmin gənclərin içərisində olduğunu öyrəndik.

    Aradan uzun illər keçsə də, soraqlayıb Dilbadini tapmaq elə çətin olmadı. Çünki o öz əməli işi ilə öndə olan insanlardandır. Telefon əlaqəsi yaradıb ona haqqında məqalə yazmaq istəyimi bildirəndə məmnunluğunu ifadə etdi. 
    Söhbətimizə elə məktəb illərindən sonrakı dövrdə yaşadıqları haqqında danışmaqla başlayır. 
    – Fransız dilinə olan marağım sonrakı illərdə yolumu Azərbaycan Xarici Dillər Universitetindən saldı. Ali təhsilimi tamamladıqdan sonra Fransanın Strasburq şəhərinə getdim və Hüquq fakültəsinə qəbul olub magistr pilləsini bitirdikdən sonra bu sahə üzrə elmi iş yazıb müdafiə etdim. Həmin doktorantura işi kitab halında çap olunub. Beynəlxalq hüquq sahəsində yazılan bu kitab tədris vəsaiti kimi istifadə olunur. Strasburq Universitetinin “Hüquq” jurnalında iki il elmi məqalələr yazmaqla bərabər həmin jurnalın baş redaktoru da oldum. Hollandiyanın Haaqa şəhərində beynəlxalq cinayət mərkəzində işlədim. Sonrakı illərdə Bakıya qayıtdım. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində baş məsləhətçi kimi işləyəndə həmin qurumun nəzdində jurnal yaradıb baş redaktorluq etdim. 
    Dilbadi Qasımov onu da dedi ki, 2010-cu ildə yenidən təhsilini davam etdirmək üçün Fransaya qayıdıb, bir neçə ay Avropa Şurasında işləyib, iki il Strasburqda Vəkillər məktəbində təhsil alıb. 2014-cü ildən etibarən Strasburqda vəkillik fəaliyyəti göstərir. Fransada fəaliyyət göstərən ilk azərbaycanlı vəkillərdən biridir. 
    Fransadakı Azərbaycan icması ilə sıx münasibəti olduğunu bildirən müsahibim qeyd edir ki, bura erməni diasporunun ən güclü olduğu dövlətlərdən biridir və bu dövlətin açıq-aşkar onlara necə dəstək verdiyini hamı görür. Bütün bunlara baxmayaraq, burada yaşayan azərbaycanlılar öz vətənlərini layiqincə təmsil edir və ermənilərə tutarlı cavablar verir. 
    “Vətən müharibəsi başlayan həmin günlərdə mən də öz vətəndaşlıq borcumu yerinə yetirməyə var gücümlə çalışdım. Hüquqşünas olmağım da çox yerdə köməyimə çatdı. Azərbaycan tarixini yaxşı bilməyim də ermənilərlə olan debatlarımda onlara səlis və tutarlı cavablar verməyimə imkan yaradırdı. Vətən müharibəsində igid oğullarımızın şücaəti bizi daha da cəsarətləndirir və haqq səsimiz ucalırdı. Həmin günlərdə fransız mətbuat orqanlarına haqq davamız haqqında müsahibələr də verirdim.
    Əlcəzairin, Mərakeşin radiolarında da çıxışlarım olub. Fransada yaşayan azərbaycanlılar həmişə həmrəy olub birlikdə öz vətənlərinin gerçəklərini ictimaiyyətə çatdırır. Burada “Kəpəz” nəşriyyat evi yaratmışıq ki, həmin nəşriyyat evinin ideya müəllifi və qurucularından biriyəm. Nəşriyyat evində Azərbaycan ədəbiyyatının nümunələrini fransız dilinə tərcümə edirik. Bu günə kimi ona yaxın kitab tərcümə olunub. Hazırda Yusif Səmədoğlunun “Qətl günü” əsəri tərcümə edilir. Azərbaycan həqiqətlərini Fransada yaşayan insanlara çatdırmaq üçün bir çox kitablar nəşr və tərcümə edilir. Yaxın günlərdə həmin nəşriyyat evi tərəfindən tərcümə və nəşr olunan Şuşa haqqında kitab fransız ictimaiyyətinə təqdim olundu. Özüm də Azərbaycan dilindən fransızcaya tərcümələr edirəm. “Qaraca qız” povestini tərcümə etmişəm”. 
    Həmsöhbətim bildirir ki, doğma Vətənimizlə bağlı keçirilən bir çox konfranslara da dəvətlər alır. O, yaxın günlərdə Makedoniyada Azərbaycanla bağlı keçiriləcək tədbirdə iştirak etməyə hazırlaşır.
    Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı fəxrlə mən azərbaycanlıyam, mən azad, bütöv, suveren, tolerant, qalib xalqın övladıyam sözünü qürurla deyir. Onlar öz yaşadıqları yerlərdə suyu, çörəyi ilə böyüdükləri Vətən üçün çalışır, Azərbaycanı layiqincə təmsil edirlər. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 05.12.2023 17:50