AZ EN RU

Fransa Prezidenti Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik edir

Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

“Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir”, - deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

Nəşr edilib : 28.08.2023 17:40