AZ EN RU

Fövqəladə Hallar Nazirliyində 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 34-ci ildönümünə həsr olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev qeyd edib ki, tariximizin qəhrəmanlıq salnaməsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi olan 20 Yanvardan illər ötsə də, bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub.  Doğma  Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu Azərbaycanın müasir tarixinə qürur və başucalığı gətirən günlərdən biri kimi daxil olub.

Bildirilib ki, bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndə­liyinə gələrək mətbuat konfransı keçirib, bu cinayəti pisləyib, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.

Hərbi, döyüş və xüsusi xilasetmə hazırlığı şöbəsinin rəisi mayor Oktay Həsənov çıxışında qeyd edib ki, xalqımız əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi, şərəf tariximiz olan bu günü heç vaxt unutmayacaqdır. 44 günlük müharibədəki qazandığımız Tarixi Qələbə şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsi oldu. Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “Dəmir yumruq” ilə layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan sənədli film nümayiş olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.01.2024 16:21