AZ EN RU

Forum iştirakçıları: Ulu Öndərin Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində misilsiz xidmətləri vardır

    Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bir millət iki dövlət” forumu keçirilib. Forum iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibə veriblər.

    Adil Əliyev – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini: – Mən, ilk növbədə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün xanıma öz təşəkkürümü bildirirəm ki, o hər zaman iki qardaş ölkə münasibətlərini önə çəkib, önəm verib və il ərzində çoxlu sayda bu formada tədbirlər təşkil edib. Və, təbii ki, dərnəyin təşkil etdiyi Türkiyə Cümhuriyyətinin, Ulu Öndər Heydər Əliyevin 100 illiyinin birgə, xüsusilə də Naxçıvanda keçirilməsi tədbirə böyük önəm qatır. Çünki Naxçıvan Ulu Öndər Heydər Əliyevin vətənidir, sevdiyi bir diyardır. Naxçıvan, təbii ki, hər birimizin sevdiyi məkandır. O tək Naxçıvan üçün yox, Azərbaycan üçün yox, dünya üçün önəmli bir  siyasətçi, önəmli bir lider idi. Ulu Öndər Türkiyə-Azərbaycan münasibətlərini hələ SSRİ-də vəzifə tutduğu dövrdə də inkişaf etdirməyə çalışırdı. Bakı-Tibilisi-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsi ilə münasibətlərin bir istiqamətdən başqa istiqamətə çəkilməsi və dünya bazarına çıxarılması ancaq Heydər Əliyevin səriştəsi idi. Bunu zamanında düşünmüşdü. Ulu Öndər Azərbaycanın bu gün əldə etdiyi qələbəni düşünüb Türkiyə üzərindən o layihələri həyata keçirdi. Ümumiyyətlə, hər birimiz Ulu Öndər Heydər Əliyevin irsini, onun həyat və fəaliyyətini hər zaman təbliğ etməliyik, gənc nəsillərə aşılamalıyıq. Onun nə qədər böyük bir azərbaycanlı, öz ölkəsinə, dövlətinə layiq lider olduğunu, Vətəni üçün canını belə verməkdən çəkinməyən qorxmaz, müdrik bir insan olduğunu Vətəni üçün biz hər zaman belə tədbirlər vasitəsilə gənc nəsillərə ötürməliyik. Tədbirin təşkilatçılarına, Naxçıvan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu cür tədbirlərin önəmi çox böyükdür. 

    Aygün Attar – Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri: – Naxçıvan torpağında həm Ümummilli Liderin, həm də Türkiyə Respublikasının 100 illik yubileyi ilə əlaqədar forum həyata keçirdik. Tədbirin burada təşkili təsadüfi deyil. Çünki Naxçıvan Azərbaycan tarixində çox önəmli yerə sahib olan, Azərbaycanın müasir tarixçiliyində, dövlət strukturunun inkişafında misilsiz xidmətləri olan, ölkəni beynəlxalq arenada tanıdan Ulu Öndərin dünyaya göz açdığı torpaqdır. Dahi şəxsiyyət 90-cı illərdə, ölkənin ağır günlərində çox çətin vəziyyətdə olan xalqın dəvəti ilə doğulduğu ana torpaq Naxçıvana gələrək Ali Məclisin Sədri kimi xilaskarlıq missiyasına başladı.Daha sonra Ulu Öndər İğdıra səfər edərək Süleyman Dəmirəllə imzaladığı protokollar nəticəsində “Bir millət, iki dövlət” fəlsəfəsinin əsasını qoydu. Həmin fəlsəfə hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkələrimizi müttəfiqlik səviyyəsinə yüksəldilib. Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsində, Şuşa Bəyannaməsinin imzalanmasında Naxçıvanın müstəsna rolu vardır. Ona görə də mən bu forumun burada keçirilməsi fikrini irəli sürəndə həm Türkiyə Prezidenti Adminstrasiyası Kommunikasiya İdarəsinin rəhbərliyi, həm də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi tərəfindən ciddi şəkildə dəstəkləndi. Forumda Türkiyə parlamentindən millət vəkilləri, dəyərli iş adamları, professorlar, ziyalılar, rəsmi şəxslər iştirak edirlər. Bu foruma Naxçıvan ictimaiyyəti də çox böyük maraq göstərir. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün abidələrini ziyarət etdik, önlərinə gül dəstələri qoyaraq ehtiramlarımızı göstərdik. Çox yaxın dövrdə Naxçıvanda Azərbaycan və Türkiyə prezidentləri görüş keçirdilər, mühüm layihələrə imza atdılar. Gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi Azərbaycan həqiqətlərinin dünyada öz yerini alması və bölgənin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətli bir layihədir. Azərbaycanın israrla üzərində durduğu və Türkiyənin də dəstəklədiyi                     “3 üstəgəl 3” formulu da bölgə ölkələrinin hamısının iqtisadi inkişafına səbəb olacaq. Biz bu forumda da “Zəngəzur dəhlizi və bölgəyə təsiri”, Naxçıvanın tarixi əhəmiyyəti mövzularını gündəmə gətirdik. Bu mövzular üzərindən panellərimiz keçirildi. Forumda, ümumilikdə, Naxçıvanın tarixi-siyasi əhəmiyyətinə dərin şəkildə toxunuldu, mövzuların mahiyyəti açıldı. Bundan sonra da Naxçıvanla işbirliyimiz davam edəcək. Bizim fond Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyədə qurulan, Türkiyə dövlətinə aid olan yeganə Türkiyə-Azərbaycan fondudur. Fondumuzun əsas qayəsi Türkiyə ilə Azərbaycan arasında mədəni, siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsini təmin etməkdir. Biz işimizi bundan sonra da bu qayə üzərində davam etdirərək iki qardaş ölkənin daha da yaxınlaşmasına, doğmalaşmasına töhfə verməyə çalışacağıq. 

    Zeynəb Yıldız – AK Parti Ankara millət vəkili: – Forumda çıxış edən natiqlər də Cümhuriyyətimizin 100-cü ildönümündən bəhs etdilər. Tədbir Cümhuriyyətin, Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ili münasibəti, eyni zamanda həm tarix, həm keçirildiyi yer etibarilə, həm də adı ilə çox güclü bir məna daşıyır. Forumun adı “Bir millət, iki dövlət”dir. Yəni, həqiqətən, mən buradakı bir millət olma vurğusunun çox önəmli olduğunu düşünürəm. Yəni bizim burada bir millət şəklində hərəkət etməyimizin bizə necə müsbət nəticələr gətirdiyini ən bariz şəkildə  Qarabağ Zəfərində gördük. O dövrdə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bəyan etdi ki, Azərbaycan istədiyi şəkildə yanında olacağıq. Və həqiqətən, bu bir qardaşlıq hüququnun nişanəsidir və bizlər də bu qardaşlıq hüququnun gərəyi olaraq bu gün buradayıq. Forumda Zəngəzur dəhlizini müzakirə etdik. Zəngəzur dəhlizi, həqiqətən, Qarabağ Zəfərinin, əslində, Azərbaycanın ən önəmli nəticələrindən biridir. Buna görə də, bu forumun Naxçıvanda  keçirilməsinin daha böyük bir əhəmiyyəti olduğunu düşünürəm. Mən tək Naxçıvana deyil, İğdıra da ilk dəfə gəldim. Buna görə də, həqiqətən, bu bölgənin nə qədər zəngin, münbit, insanlarının enerjisinin yüksək olduğunu gördüm. Naxçıvanın potensialı çox yüksəkdir. Bütün bunlar həm burada yaşayan vətəndaşlarımız, həm də Türk dünyasına və bütün dünyaya nəfəs vermək baxımından çox önəmli olacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.10.2023 19:22