AZ EN RU

Forum iştirakçıları olan yüksəkixtisaslı həkimlər cərrahi əməliyyatlar, müalicə və müayinələr həyata keçiriblər, səhiyyə müəssisəsi ilə tanış olublar

    Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər Naxçıvanın bir neçə səhiyyə müəssisəsində cərrahi əməliyyatlar, müalicə və müayinələr həyata keçiriblər.
    Naxçıvan Muxtar Respublika Xəstəxanasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və onun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası qalxanabənzər vəzidən əziyyət çəkən 3 nəfərdə cərrahi əməliyyat aparıb, 15 ambulator xəstənin müalicə və müayinəsi həyata keçirilib, onlara müvafiq tibbi məsləhət və tövsiyələr verilib. 
    Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Azərbaycan Tibb Universitetinin həkim-mütəxəssisləri, mama-ginekoloqları, Diaqnostika Müalicə Mərkəzində isə Qaradəniz Texniki Universitetinin və Bakı şəhərində yerləşən “West Hospital”ın həkimləri tərəfindən  pasiyentlərlə maarifləndirici söhbətlər aparılıb, xəstələr tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub.
    Naxçıvan Muxtar Respublikasının mühüm sağlamlıq turizmi obyektlərindən olan Duzdağ Fizioterapiya Mərkəzində isə qonaqlara məlumat verilib ki, mərkəz ilk olaraq 1979-cu ildən xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlayıb. Müstəqilliyimizin bərpasından sonra burada kompleks quruculuq işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Hazırda ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.06.2022 01:31