AZ EN RU

Fondun şöbə müdiri Türkiyədə forumda təmsil olunub

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov 7-8 oktyabr tarixlərində Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Türkiyə Gənclik QHT-ləri Platformasının təşkilatçılığı ilə keçirilən “5-ci Gənc Türkiyə Forumu”nda iştirak edib.

Ərzurum Atatürk Universitetinin Auditoriya zalında keçirilən forumun ilk günündə açılış nitqlərindən sonra problem müəyyənetmə, müzakirə və həll təklifləri sessiyaları təşkil olunub. Gənclər ayrı-ayrı qurulan masalarda bir araya gələrək müəyyən edilmiş mövzuları müzakirə edərək yeni ideyalar irəli sürüblər.

Forumun ikinci günündə jurnalist Mehmet Akif Ersoyun moderatorluğu, Türkiyə Respublikasının gənclər və idman naziri Osman Aşkın Bak və Elmi Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Necmeddin Bilal Erdoğanın iştirakı ilə “Gənclər və idman siyasətinin qavranılması” mövzusunda panel müzakirə baş tutub. Müzakirə zamanı müxtəlif mövzularda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 09.10.2023 14:33