AZ EN RU

“Folklorumuzun söz yaddaşı” müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respubikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Müsabiqəyə Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon mədəniyyət idarə və şöbələrinin tabeliyindəki 35 klub müəssisəsinin 68 nəfər dərnək üzvü tərəfindən 67 bədii qiraət nümunəsi təqdim olunub.

Münsiflər heyəti üzvləri tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilmənin aparıldığı  müsabiqədə I, II, III yerin sahibləri Nazirliyin diplomları, müsabiqə müddətində  xüsusi qabiliyyəti ilə fərqlənən iştirakçı və ya qruplar isə fəxri fərmanla təltif ediləcəkdir. Müsabiqədə qalib olan bədii qiraət nümunələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında işıqlandırılacaqdır.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən folklor qruplarının, eləcə də folklor və bədii qiraət dərnəklərinin fəaliyyətinin daha da yaxşılaşdırılması, bölgələr üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılmasıdır.                                                                 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.04.2023 10:02