AZ EN RU

“Folklorumuzu yaşadaq” adlı müsabiqənin birinci mərhələsi keçirilib

    Babək Rayon Mədəniyyət Sarayında rayonun yaşayış məntəqələrindəki klub müəssisələrində fəaliyyət göstərən dərnəklərin, folklor qrup və kollektivlərinin iştirakı ilə “Folklorumuzu yaşadaq” adlı müsabiqənin birinci mərhələsi keçirilib. Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin açılış mərasimində rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə və Naxçıvan Muxtar Respublikası Mədəniyyəd Nazirliyinin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
    “Folklorumuzu yaşadaq” adlı müsabiqənin keçirilməsində əsas məqsəd Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən dərnəklərin, folklor qrup və kollektivlərinin fəaliyyətinin artırılması, yaşayış məntəqələri üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılması və təbliğindən ibarətdir. Vurğulanıb ki, yalnız xalq yaradıcılığı nümunələrinin nümayiş olunduğu müsabiqədə yer tutan dərnək, folklor qrup və kollektivləri I, II və III dərəcəli diplomlarla, fərqlənən dərnək və ya kollektivlər isə fəxri fərmanla təltif ediləcəklər. 
    Sonra “Gözəllər”, “İncilər”, “Buta” folklor dərnəkləri, “Zəfər”, “Balaban”, “Ritm”, həmçinin “Buta” rəqs və “Pəri” dram dərnəkləri üzvlərinin xalq yaradıcılığı nümunələrindən ibarət təqdimatı olub. Məlumat üçün qeyd edək ki, “Folklorumuzu yaşadaq” adlı müsabiqənin ikinci mərhələsi yanvarın 19-da keçiriləcəkdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.12.2022 20:46