AZ EN RU

Folklorumuza tükənməz sevgi

    Ömrüboyu Azərbaycan ziyalılarının qayğısını çəkən, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi böyük övlad sevgisi ilə yorulmadan təbliğ edən ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, ədəbiyyatımızda, mədəniyyətimizdə, folklorumuzda da böyük uğurların qazanılmasına gətirib çıxardı. Ədəbiyyatımızla yanaşı, memarlıq, xalçaçılıq, xalq musiqisi, folklor və etnoqrafiya kimi müxtəlif istiqamətləri birləşdirən milli-mənəvi dəyərlərimiz də özünün çiçəklənmə dövrünü yaşamağa başladı. Ulu öndərimiz Heydər Əliyev ədəbiyyatımızı milli sərvətimiz kimi dəyərləndirərək demişdir: “Ədəbiyyatımız bizim böyük milli sərvətimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm. Bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm”. 
    Ötən əsrin 70-80-ci illəri, eləcə də müstəqillik illəri Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, iqtisadiyyatının, təhsil və səhiyyəsinin, bir sözlə, Azərbaycanın sürətli inkişaf dövrü kimi tarixin yaddaşına həkk olunub. Görkəmli dövlət xadiminin milli-mənəvi irsə böyük qayğısının nəticəsi idi ki, klassik şairlərimizin əsərlərinin çapı, təbliği ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrimiz də unudulmadı. Folklor nümunələrinə göstərilən diqqət və qayğı həm də xalqımızın özünü tanıması, özünə qayıdışı kimi dəyərləndirilməlidir. Bir vaxtlar dilimizdə yasağa çevrilən “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları geniş surətdə işlənməyə başladı. Tarix- diyarşünaslıq muzeylərimizin bütün rayonlarda fəaliyyətə başlaması, folklor qruplarının, “Aşıq Pəri məclisi”nin, “İrs”, “Gülüstan”, “Yallı” və sair xalq kollektivlərinin yaradılması, “Bulaq”, “Ozan” verilişlərinin açılması, saz bayramlarının, folklor festivallarının keçirilməsi milli kökə, milli dəyərlərə qayıdışın bariz ifadəsinə çevrildi. 

    Klassik şair və yazıçılarımızın yubileylərinin keçirilməsi ilə yanaşı, folklor tədqiqatçısı olan alimlərimizin, qüdrətli aşıqlarımızın yubileylərinin keçirilməsi də yaddan çıxmadı, unudulmadı. Milli varlığımızın tərcümanı olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından ulu öndər Heydər Əliyev qaldırdı. YUNESKO yubileylə bağlı təklifi qəbul etdi. Yubileylə bağlı hazırlıq işləri görüldü. Dastanla bağlı elmi kitablar yazıldı. Xatırladaq ki, elə 70-ci illərdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən “Dədə Qorqud” filminin xeyir-duasını da bu dahi şəxsiyyət vermişdir.
    2000-ci il aprel ayının 10-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi Bakı şəhərində təntənə ilə qeyd olundu. Həmin zirvə toplantısında Heydər Əliyev demişdir: “Azərbaycanda “Kitabi-Dədə Qorqud” irsinin öyrənilməsi, tədqiq  edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar dastanı bizim xalqımıza, bütün Türk dünyasına, türkdilli xalqlara yenidən tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir”. 
    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu dastanı “Ata kitabı”mız adlandıraraq yazır: “Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında imzaladığı Fərman ulu Ata kitabımızın yenidən araşdırılması, beynəlxalq səviyyədə məqsədyönlü şəkildə təbliği, dünya dillərinə tərcümə olunması, yeni nəşrlərin meydana çıxması baxımından geniş imkanlar açır. 
    Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Aşıq Ələsgərin 150 illik (1972), Aşıq Alının 180 illik (1981) yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. Aşıq Ələsgərin 1972-ci ildə 150 illik yubileyi Bakı ilə yanaşı, Moskvada da keçirilmişdir. 
    El içərisindən çıxmış bir aşığın yubileyinin Moskvada qeyd olunması həmin dövr üçün böyük nailiyyət idi. Həmin tədbirə Sovetlər Birliyinin bütün respublikalarından söz-sənət adamlarının Kremlin Qurultaylar Sarayına toplaşması, əslində, Azərbaycan saz-söz sənətinin qüdrətini göstərirdi. 1996-cı ildə Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi ilə bağlı yeni Sərəncam imzalandı. Aşıq Ələsgərin əsərləri yenidən nəşr olundu. 2001-ci ildə isə Aşıq Ələsgərin 180 illik yubileyi keçirildi.
    1981-ci ildə Aşıq Alının 180 illiyi görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə qeyd olundu, Aşıq Alının şeirləri ayrıca kitab şəklində oxuculara çatdırıldı. Ötən əsrin 70-80-ci illərində aşıqlardan Abbas Tufarqanlının, Sarı Aşığın, Dilqəmin, Xəstə Qasımın, Hüseyn Bozalqanlının, Aşıq Hüseyn Cavanın və başqalarının şeirləri toplanıldı, kitabları çap olundu. Həmin dövrdə istedadlı el sənətkarlarının yaradıcılıq və ifaçılıq sahəsində qazandığı böyük uğurlar da məhz ümummilli liderin adı ilə bağlıdır. Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq İmran Həsənov “Əməkdar incəsənət xadimi”, musiqi folklorunun bənzərsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər Şəkili və Əli Kərimov isə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldülər. Müstəqillik illərində də bu ənənə davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov kimi qocaman ustadlara Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və Ədalət Dəlidağlının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi dediklərimizə əyani sübutdur. 
    Bu gün Azərbaycanın ayrı-ayrı rayonlarında musiqi məktəblərində saz dərnəklərinin fəaliyyət göstərməsi ənənəsi də müstəqillik illərində ulu öndərin saza-sözə dəyərinin nəticəsi kimi qiymətləndirilməlidir. Saz-söz bayramlarının təşkili, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan aşıqlarının, folklor qruplarının çıxışları bir daha sübut edir ki, bu gün Azərbaycan folkloru dünya səhnələrinə də yol tapa bilib. 
    Ümummilli liderimiz Heydər Əliyev təkcə Azərbaycan folklorunu deyil, eləcə də türk xalqlarının qədim dastanlarını, klassik şairlərini, el sənətkarlarını böyük məhəbbətlə sevir və onların yubiley tədbirlərində də iştirak edirdi. Dahi şəxsiyyət Heydər Əliyev böyük şəxsiyyət kimi elə arxalanmış, ana dilimizi ən güclü silah saymış, ədəbiyyatımızı, folklorumuzu sevə-sevə təbliğ etmiş, xalqın gücünə arxalanaraq zirvələr fəth etmişdir. Tarixdə xalqa, onun milli dəyərlərinə, ədəbiyyatına bağlı Heydər Əliyev kimi ikinci bir düha, şəxsiyyət tapmaq qeyri-mümkündür. Bu dahi şəxsiyyət xalqımızın fəxri olmaqla yanaşı, həm də dilimizin, folklorumuzun ən böyük qoruyucusu kimi tarixdə bundan sonra da yaşayacaqdır. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ənənəni əzmlə davam etdirir. Dövlət başçısı 2007-ci ildə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Sərəncam imzalayıb. 2013-cü ildə Bakıda Dədə Qorqud parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident cənab İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il Prezident cənab İlham Əliyev “Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamı bu dastanın xalqımız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha dünyaya bəyan etməklə yanaşı, ulu öndərin ideyalarına sədaqətini bir daha nümayiş etdirdi. 
   Xüsusi olaraq qeyd edim ki, dahi şəxsiyyətin ideyalarının dönmədən həyata keçirildiyi muxtar respublikamızda xalq yaradıcılığının ən qədim sahələrindən biri olan folklorçuluq ənənələri yaşadılır. Bu istiqamətdə bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, muxtar respublika ərazisində mövcud olan etnoqrafik və folklor materialları yenidən toplanılıb, sistemləşdirilib və əldə olunmuş materiallar əsasında “Naxçıvan folkloru antologiyası” kitabı nəşr edilib. 
    Ümummilli lider Heydər Əliyevin çıxışlarının birində dediyi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir… Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır” müdrik tövsiyəsi qədim diyarımızda bu xalq yaradıcılıq növünün qorunub yaşadılması baxımından müqəddəs dövlətçilik məramına çevrilib. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazırlanıb. Yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində             YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən Qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bundan sonra da xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, folklorun sistemli şəkildə araşdırılması, təbliğ olunması, gələcək nəsillərə çatdırılması ümummilli liderimiz Heydər Əliyevin böyük ideyalarının gerçəkləşdirilməsi işində mühüm rol oynamaqdadır.

Sədaqət NEMƏTOVA 
Naxçıvan Dövlət Universitetinin dosenti 
​​​​​​​

Nəşr edilib : 02.09.2022 19:47