AZ EN RU

Folklorşünaslıq elmini yeniliklərlə zənginləşdirəcək monoqrafiya

  Yeni nəşrlər

 Naxçıvan nəinki Azərbaycan və Yaxın Şərqin, eləcə də dünyanın qədim tarixə və zəngin mədəniyyətə malik olan bölgələrindən biridir. Qədim yurd yerləri, Gəmiqaya rəsmləri, I və II Kültəpə kimi maddi mədəniyyət abidələri ilə yanaşı, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatan xalqın mənəvi xəzinəsi – bədii yaddaşı da bu baxımdan əvəzsiz mənbədir. Şifahi xalq ədəbiyyatı janrları tarix, etnoqrafiya, dilçilik, dialektologiya, toponimika, etimologiya kimi bir sıra elm sahələri ilə sıx əlaqəli olduğundan bu sahədə tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.

    Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun folklorda janrlararası əlaqələri və sintezi araşdırdığı “Folklorda janr daxilində janr (Naxçıvan örnəkləri əsasında)” monoqrafiyası Azərbaycan folklorşünaslığı, eləcə də ədəbiyyatşünaslığı elminə dəyərli töhfədir. Monoqrafiyanın elmi redaktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri, dosent Hikmət Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovadır. Monoqrafiya Aytən Cəfərovanın yazdığı “Folklorda yaşayan folklor” adlı ön söz, giriş, beş fəsil, nəticə və istinad ədəbiyyatı kimi hissələrdən ibarətdir. 
    “Ön söz”də irihəcmli janrların daxilində digər janrlardan yerli-yerində istifadə olunmanın şifahi söz sənətimizin zənginləşməsində və müvafiq janrın bədii təsir gücünün ikiqat artmasında mühüm rolu qeyd edilmişdir. Eyni zamanda gələcəkdə müvafiq fəsillərdə bəhs olunan janrlardan başqa digər folklor örnəklərində də yaşayan həm müasir, həm də ilkin janr örnəklərinin aşkara çıxarılması üçün bu monoqrafiyanın düzgün yola istiqamətverici mayak xüsusiyyətinə malik olduğu diqqətə çatdırılmışdır.
    Monoqrafiyanın “Dastanlarda işlədilən aşıq şeiri janrları” adlandırılan birinci fəslində “Ziyad və Şövkət”, “Telli Qara”, “Aşıq Qurbani”, “Əmrah”, “Arzu-Qənbər”, “Valehnən Taleh” dastanlarında divani, müxəmməs, qoşma, gəraylı, təcnis, cığalı təcnis janrlarının araşdırılması həm folklor mühitinin öyrənilməsi, həm də Naxçıvandan toplanmış dastanlarda aşıq şeirlərinin ümumi xüsusiyyətlərinin əks etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllifin qənaətincə, bu janrlar təkcə dastanın struktur poetikasını əks etdirmir, həm də bu nümunələrlə qəhrəmanların xarakteri, obrazların düşüncələri açılır, əsərin təhkiyəsi bədii zənginlik qazanır. Konkret janrlarla bağlı dəyərli ədəbiyyatşünas və folklorşünas alimlərin fikirlərini dərin hörmətlə xatırladan müəllif bir sıra hallarda regiona məxsus bəzi nümunələrin tamamilə orijinal üsullarla yaradıldığı qənaətinə gəlir ki, birinci fəsildə “Ziyad və Şövkət” dastanı bu fikrin əyani sübutu olaraq irəli sürülür. İkinci fəsildə nağıl janrında kosmoqonik yaradılış formulları olan alqış (kosmosyaratma) və qarğış (xaosyaratma) janrlarının işlənmə məqamlarına nəzər salınmış, “Kitabi-Dədə Qorqud” və digər dastanlarda, nağıllarda istifadə olunan bu janrlar xalqın etnik xüsusiyyətlərini daha fəal mühafizə edən janrlar kimi səciyyələndirilmişdir. Bu janrların mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərin təsiri ilə formalaşması, daha qədim tarixə malik olan qarğışların inanc obyekti baxımından müxtəlif qruplaşdırılmaları ilə bağlı tədqiqatçıların qənaətlərinə münasibət bildirən müəllif daha sonra mövzu haqqındakı araşdırmalarını təqdim edir. Maraqlı məqam nağıllarda alqışlara nisbətən qarğışların həm nümunə sayı, həm də variantlılıq baxımından zənginliyidir. Müəllif Naxçıvandan toplanmış “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Kişinin arvadını sınaması”, “Adil padşahın nağılı”, “Aftabın nağılı” kimi nağıllarda xalis alqış və qarğışlarla yanaşı, mahiyyətində qarğış daşıyan andların, məna baxımından atalar sözlərinə bənzəyən qarğışların işləndiyinə də diqqət çəkmişdir. 
    Elxan Məmmədov mifoloji əfsanə və rəvayətlərdə, xüsusən nağıllarda bu janrların qəhrəmanlara uğur arzulamaq məqsədilə istifadəsini, obrazların xoş niyyətinin açılmasındakı mühüm rolunu, həm də qədim türk fəlsəfi düşüncəsini özündə əks etdirdiyini aşkara çıxarır. Müəllif həm obrazların dili ilə, həm də nağıl söyləyicisinin nitqində alqış və qarğışlardan istifadənin onların yaddaşlara yazılaraq sonrakı nəsillərə çatdırılmasında əvəzsiz rol oynadığını qeyd edir. “Əfsanə və rəvayətlərdə inam və inanclar” adlı üçüncü fəsildə “Nuhun tufanı”, “Yalqız ağac”, “Oğlan-qız məqbərəsi” və sair örnəklər əsasında ən qədim janrlardan olan inancların bəzən olduğu kimi, bəzən də təsvir olunan hadisələrə münasibət bildirmək baxımından geniş yer aldığı qeyd edilir. “Bayatılarda işlənən atalar sözlərinin poetikası” adlı fəsildə region insanının özünəməxsus düşüncə və təfəkküründən süzülən dərin qatlı mənaları özünün ritmik və ahəngdar janrlarında da bol-bol istifadə etdiyi nümunələr vasitəsilə təsdiq olunur. Həmin nümunələr əvvəlcədən məlum toplularda rast gəlinməyən, tamamilə orijinal və yeni bayatılar olması ilə də müəllifin diqqətini cəlb etmişdir. O, professor Məhərrəm Qasımlının bayatılarla bağlı təsnifatındakı bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca və sair kimi formalara həmin bayatı-atalar sözü nümunələrini də daxil etməyi zəruri hesab edir. Belə nümunələrə misal olaraq:

        Asta de bayatını,
        Ahəstə bayatını. 
        Mərdlər yabı minibdi,
        Namərdlər bəy atını. 

    Və yaxud: 

        Sürü tanır qurdunu,
        İyid sevər yurdunu.
        Bir xain, bir də qorxaq
        Batırar bir ordunu
.

    Ümumilikdə isə müəllif atalar sözlərinin bayatılarda işlənmə məqamları ilə bağlı dörd halı qeyd edir: 1) heç bir dəyişikliyə uğramadan, 2) müəyyən qədər dəyişdirilmiş formada, 3) mətnaltı mənada dərk edilən, lakin mətndə gizlədilmiş formada və 4) bütövlükdə, atalar sözü gücünü, məna yükünü daşıyan müəyyən misraları olan bayatılar. Bu fəsildən belə bir nəticə əldə olunmuşdur ki, Naxçıvandan toplanmış bayatılarda atalar sözlərinin işlədilməsi həm bayatıların ritmik ahəngdarlığına fərqli bir ovqat əlavə etmiş, həm məna tutumunu zənginləşdirmiş, həm də atalar sözlərinin özünün yaşarlılıq və mühafizə sisteminə çevrilmişdir. “Xalq mərasimlərində nəğmələrin rolu və yeri” adlı sonuncu fəsildə mərasim nəğmələrində söyləyici iştirakçıların yaş kateqoriyalarındakı fərqləri müşahidə edir, təsərrüfat həyatı ilə bağlı mərasimlərdə böyüklərin, təqvimlə bağlı mərasimlərdə uşaqların aktivliyi müəllifin diqqətini cəlb edir. Bu nəticəyə gəlinir ki, uşaqdan-böyüyə hər bir xalq nümayəndəsi etnosun ümumi məhsulu olan nəğmələrə aşinadır. Bundan başqa, mərasimlər daxilində nəğmələrin yer alması etnoqrafik yaddaşdan folklor yaddaşına keçiddə, folklor yaddaşında etnoqrafik yaddaşın varlığı məsələləri ətrafında danışmağa imkan verməsi vurğulanmışdır. 
    Monoqrafiyanın “Nəticə” hissəsində fəsillər üzrə aparılan tədqiqatlarla bağlı müəllifin əsas qənaətləri ümumiləşdirilmiş və bu mövzunun gələcəkdə daha geniş araşdırmalara, həmçinin daha çox janrlar arasında paralellik aparmağa, əhatəli və ətraflı tədqiqatlar barədə düşünməyə əsas verdiyi qeyd olunmuşdur. 
    Məlum olduğu kimi, 2021-ci il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədəki tarixi çıxışında digər sahələrlə yanaşı, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna qədim diyarımızın hər bir bölgəsi üzrə folklor nümunələrinin toplanması, təsnifatı, nəşri və tədqiqi ilə bağlı fəaliyyətini gücləndirməklə bağlı mühüm tapşırıq vermişdir. Ali Məclisin Sədri min illər ərzində formalaşmış xalq deyimlərimiz – atalar sözləri, tapmacalar, məsəllərin folklorşünaslıq, elmi-tarixi əhəmiyyətini vurğulayaraq Etnoqrafiya və Folklorşünaslıq şöbələrinin əməkdaşlarnının bu folklor nümunələrinin toplanması və təbliği istiqamətində fəaliyyətini gücləndirmələrini, bölgələr üzrə xalq deyimlərinin yığılması və sistemləşdirilərək nəşrini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bu mənada, həmkarımız, istedadlı alim Elxan Məmmədovun folklorşünaslıq elmini yeniliklərlə zənginləşdirəcək yeni monoqrafiyasını bəhs etdiyimiz müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində də mühüm addım kimi dəyərləndirmək olar. Ümidvarıq ki, yeni nəşr folklorşünaslığımızda daha aktual elmi-tədqiqat istiqamətlərini müəyyənləşdirməklə yeni elmi araşdırmaların əsasının qoyacaq. 

Aygün ORUCOVA 
      AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 26.04.2022 18:51