AZ EN RU

“Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda tədbir

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən  Kəngərli rayonunda yaşayan sağlamlıq imkanları məhdud qadınların özünüməşğulluqlarının təmin edilməsi məqsədilə  dekorativ-tətbiqi sənət sahəsinin  bədii tikmə növü üzrə “Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda  tədbir keçirilib.
    Kəngərli Rayon İcra Hakimiyyəti aparatının  informasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Səbinə Babayeva giriş sözü ilə çıxış edərək bundan sonra da keçiriləcək belə tədbirlərin əhəmiyyətindən bəhs edib. 
   Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də sosial layihələr reallaşdırılır. Bu tədbirin də görülən işlərin davamı olduğu qeyd edilib.
    Bildirilib ki, bu gün də muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə olunmasına xüsusi diqqət yetirilir.
    Sonda istedadlı qadın Səkinə Qarayeva sənətkarlıq sahəsi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.11.2022 19:56